Əfqanıstanın şərqindəki Paktiya əyalətinin Qardez şəhərinin sakini uşaqları iflic xəstəliyinə qarşı peyvənd edən həkimlərə atəş açıb. Yerli “Xaama” press xəbər portalı yazır ki, həkimlərdən biri ölüb, digəri isə yaralanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Boland Mansel ərazisində, tibb işçiləri qrupu qapı-qapı peyvənd kampaniyası apararkən baş verib. Şahidlər bildiriblər ki, həkimlər uşaqları peyvənd etmək üçün evlərdən birinə yaxınlaşıb, lakin ev sahibi onlarla kobud rəftar edib. Həkimlər sakinləri uşaqlarını yanlarına gətirməyə razı salmağa çalışarkən binadan atışma səsləri eşidilib.
Nəticədə komanda üzvlərindən ikisi xəsarət alıb, birini xilas etmək mümkün olmayıb.