Azərbaycanlı milyarderdən rüşvət alan  fransalının işində ittiham aktı ELAN OLUNDU
18 iyul 2025 14:11 (UTC +04:00)

Azərbaycanlı milyarderdən rüşvət alan fransalının işində ittiham aktı ELAN OLUNDU

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən külli miqdarda rüşvət alma və digər cinayətlərdə ittiham olunaraq həbs edilən Fransanın məşhur “SAUR” şirkətinin vitse-prezidenti, Mərakeş əsilli Fransa vətəndaşı Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə yenidən anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Anass Derraz 2018-ci ilə "Viola" şirkətində çalışarkən Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla ilə "Aznar" QSC-nin təsisçisi, rusiyalı milyarder Fərhad Əhmədov arasında müqavilə bağlamaq və sonuncudan rüşvət almaq məqsədilə A.Benallaya kömək edib.

Belə ki, o, hər iki şəxslə razılığa gələrək cinayət izlərini gizlətmək və sərəncam vermək adı ilə rusiyalı milyarderin Dubayda saxlanılan "Luna" adlı yaxtasının həbsdən azad edilməsi və beynəlxalq sanksiyalardan xilas olaraq rahat üzə bilməsi ilə bağlı ondan 6 milyon 140 min dollar rüşvət istəyib.

A.Derraz A.Benalla ilə birgə Dubay məhkəməsində həmin yaxtanın azad olunması ilə bağlı məsləhət xidmətləri göstərəcəkləri adı altında banka köçürüləcək pulun həqiqi mənbəyini gizlətmək məqsədilə Fərhad Əhmədovla 15 noyabr 2018-ci ildə birinci dəfə üçün 600 min dollar, gəmi üzərində həbs qaldırılandan sonra 15 gün ərzində qalan 5 milyon 500 min dollar pul alacaqlarını bildirən müqavilə bağlayıblar.

İlkin məbləğ bölünərək "Aznar"dan A.Benallanın “Bank of Afrika United Kingdom”dakı hesabına 400 min dollar, A.Derrazın hesabına isə 200 min dollar köçürmə edilib. Onlar bunu rəsmi dövriyyədən gizlədiblər.

Proses iyulun 31-də davam etdiriləcək.

Qeyd edək ki, DTX tərəfindən Anass Derraza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.

A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.

İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.

Qərarın əsası DTX-də istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub. İnterpolun Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri A.Benallanı ən ciddi hüquqi əsas olan “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar