Bakıda məktəbdə yanğın söndürüldü - FOTO  - VİDEO  - YENİLƏNİB
28 iyun 2022 19:12 (UTC +04:00)

Bakıda məktəbdə yanğın söndürüldü - FOTO - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

FHN-dən Lent.az-a verilən məlumata görə, müşahidə olunan güclü küləyə, habelə məktəbin mərtəbəlarası örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində ümumilikdə təxminən 1100 kv.m sahəsi olan dam örtüyünün 700kv.m hissəsi və 2 sinif otağı yanıb, digər sinif otaqları və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

 

***

18:40

Fövqəladə Hallar Nazirliyi Bakıda məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb. 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumatda qeyd olunur ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Yanğının söndürülməsinə müşahidə olunan güclü külək və məktəbin dam örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olması mane olur. İnsan həyatı və sağlamlığı üçün hər hansı təhlükə yoxdur.

Əlavə məlumat veriləcək.

***

saat 17:39

Bakı şəhər Təhsil İdarəsi orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.

İdarədən Lent.az-a daxil olan məlumatda qeyd olunur ki, iyunun 28-də təxminən saat 16:30 radələrində Bakı şəhəri Sabunçu rayonu 68 nömrəli tam orta məktəbdə naməlum səbəbdən yanğın baş verib. Yanğın məktəbin əsas tədris binasının 2-ci mərtəbəsində  olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb olunub və hazırda yanğına müdaxilə prosesi davam edir.

Məktəb rəhbərliyinin məlumatına əsasən xəsarət alan yoxdur.

***

saat 17:20

Bakıda məktəbdə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

# 3432
avatar

Mehman Nəbiyev

Oxşar yazılar