Külli miqdarda “Alpen Gold” şokoladı ilə “Oreo” peçenyesini oğurlayaraq satan şəxs tutulub.
Lent.az xəbər verir ki, 37 yaşlı Ayxan Vəliyev (Ad və soyad şərtidir) Gürcüstandan Özbəkistana aparılmalı olan 15 tondan çox “Alpen Gold” şokoladı və 4 tondan artıq “Oreo” peçenyesini ələ keçirərək şirkətə 184 min 843 manat dəyərində zərər vurub.
Faktla bağlı cinayət işi başlanıb və Ayxan Vəliyev saxlanılıb.
Məhkəmədə müəyyən olunub ki, yük əvvəlcə Azərbaycana gətirilib. Lakin Ayxan yük maşınının marşrutunu dəyişdirərək məhsulları Samur gömrük postundan Rusiyaya keçirib. Şokolad və peçenyelər Dağıstanın Mahaçqala şəhərində satılıb.
Ayxanın sözlərinə görə, məhsullar Rusiyada 50 min dollara satılıb. Əldə olunan pulun bir hissəsi yük maşınlarının alınmasına xərclənib.
Zərərçəkmiş şirkətin nümayəndəsi Məmməd İsrafilov (ad və soyad şərtidir) isə məhkəmədə bildirib ki, şirkətə 184 min manatdan çox ziyan dəyib və həmin məbləğdən heç nə ödənilməyib.
Araşdırma zamanı yükün guya Qazaxıstana göndərildiyini göstərən həqiqətə uyğun olmayan sənədin də təqdim edildiyi müəyyənləşib.
Məhkəminin qərarı ilə A.Vəliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.