Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Yanğın nəticəsində, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.
***
15:45
Paytaxtın Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binaların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
***
15:06
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.