Hindistanın Maharaştra ştatında 53 yaşlı kişi dişlərini təmizləyərkən təsadüfən 19 santimetr uzunluğunda diş fırçasını udub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, kişi səhər işə getməzdən əvvəl dişlərini və dilini təmizləyib. Bu zaman fırça əlindən sürüşərək boğazına düşüb.
O, əvvəlcə fırçanı özü çıxarmağa çalışıb, lakin buna nail ola bilməyib. Köməyinə gələn qızının cəhdləri də nəticəsiz qalıb. Bundan sonra yaxınları onu təcili xəstəxanaya çatdırıblar.
Müayinə zamanı fırçanın artıq mədəyə çatdığı və orada üfüqi vəziyyətdə yerləşdiyi müəyyənləşib. Həkimlər əşyanı cərrahi əməliyyat aparmadan, endoskop vasitəsilə çıxarmağa qərar veriblər.
Prosedur asan keçməyib. Fırça çıxarılarkən bir neçə dəfə qida borusunun dar hissələrində ilişib. Buna baxmayaraq, həkimlər təxminən 30 dəqiqə ərzində onu çıxara biliblər.
Bir neçə saat sonra xəstəxanadan buraxılan kişi axşam evə qayıdıb. O, hadisədən sonra bir daha dilini diş fırçası ilə təmizləməyəcəyini bildirib.