Azərbaycan Respublikası Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Tağıyev Ənvər Həsən oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Lent.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Ənvər Tağıyevin qaçaqmalçılıq cinayətini törətməsinə, habelə aksiz markası ilə markalanmalı olan həmin yükü markalanma olmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib.
Həmin şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Ukrayna ərazisində yeri müəyyən edilərək saxlanılması təmin edilib.
Hazırda Ənvər Tağıyevin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər keçirilir.
Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.
Qeyd edək ki, Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev 5 milyonluq siqaret qaçaqmalçılığında ittiham olunaraq beynəlxalq axtarışa verilib.