Yeni doğulan qızı 15 bıçaq zərbəsi  ilə öldürdülər - Bir ailə HAKİM QARŞISINDA
03 sentyabr 2026 19:03 (UTC +04:00)

Yeni doğulan qızı 15 bıçaq zərbəsi ilə öldürdülər - Bir ailə HAKİM QARŞISINDA

0

Böyük Britaniyanın Şeffild şəhər magistrat məhkəməsində yeni doğulan qız uşağının ölümü ilə bağlı dəhşətli təfərrüatlar açıqlanıb. Körpənin meyiti Uinkobank rayonunda yerləşən evin yardımçı tikilisində paltaryuyan maşının üzərində tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, patoloq körpənin bədənində 15 bıçaq zərbəsi nəticəsində yaranan 33 yara qeydə alıb.

Cinayətdə istifadə edildiyi ehtimal olunan alət də artıq tapılıb. Hazırda dörd yetkin şəxs və bir yeniyetmə qətl və ədalət mühakiməsinə mane olmaq ittihamları üzrə məhkəmə qərarını gözləyir.

Britaniya mətbuatının məlumatına görə, ölən körpənin anası olduğu müəyyən edilən Andrea Skopova, onun tanışı Peter Horvat-kiçik, eləcə də sonuncunun valideynləri Peter Horvat-böyük və Nina Horvatova hakim qarşısına çıxarılıb. Onların hamısı Slovakiya vətəndaşıdır və körpənin meyitinin tapıldığı Holiuell-Hayts ünvanında yaşayıblar.

Onlara istintaqa mane olmaq məqsədilə cinayət yerini təmizləməyə cəhd göstərmək ittihamı da irəli sürülüb. Prokuror Lyuk Hopkinson bildirib ki, uşağın atasının kimliyi hələ də məlum deyil.

Məhkəmədə açıqlanan məlumatlara əsasən, Skopova ailənin yaşadığı evdə hamiləliyin 37-ci həftəsində doğuş edib və daha sonra xəstəxanaya yerləşdirilib. Xəstəxana əməkdaşları körpənin taleyindən narahat olduqları üçün polisə müraciət ediblər.

Polis əməkdaşları ananın ünvanına gəldikdə körpəni orada tapa bilməyiblər. Araşdırma onları Holiuell-Haytsdakı evə aparıb və uşağın meyiti məhz orada aşkarlanıb.

Polis nümayəndəsinin sözlərinə görə, körpənin cəsədi dəsmala bükülüb, mavi paketə qoyulub və paltaryuyan maşının üzərinə yerləşdirilib.

Məhkəmə-tibbi ekspertiza müəyyən edib ki, çoxsaylı bıçaq yaraları, o cümlədən 33 ayrı xəsarət körpə hələ sağ olarkən yetirilib.

Hadisə ilə əlaqədar adı açıqlanmayan 15 yaşlı məktəbli qızın işi üzrə də ayrıca məhkəmə iclası keçirilib. O da eyni hadisə üzrə ədalət mühakiməsinə mane olmaqda ittiham olunur.

Hakim Tim Sprus yeniyetmənin növbəti məhkəmə iclasınadək həbsdə saxlanılması barədə qərar verib. O, digər təqsirləndirilən şəxslərlə birlikdə Şeffild Kral Məhkəməsi qarşısına çıxarılacaq.

Məhkəmə məlumatına görə, Skopova özünü Peter Horvat-kiçiyin sevgilisi kimi təqdim edib. Lakin istintaq onun öldürülən körpənin atası olmadığını ehtimal edir.

Hazırda iş üzrə bütün şübhəli şəxslər həbsdə saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar