Rusiyanın Volqoqrad hava limanında gömrük əməkdaşları 64 yaşlı kişinin baqajında buynuzlu cüyür kəlləsi aşkarlayıblar.
Lent.az xəbər verir ki, kişi həyat yoldaşı ilə birlikdə Türkiyənin Antalya şəhərinə uçmağa hazırlaşırmış.
Qeyri-adi əşya baqajın seçmə yoxlanışı zamanı tapılıb. Sərnişinlər yaşıl dəhlizdən keçsələr də, kişinin çamadanında divardan asmaq üçün hazırlanmış heyvan başı olub.
Rusiya Federal Gömrük Xidmətindən bildirilib ki, ekzotik əşya məhz seçmə nəzarət zamanı aşkarlanıb.
Turist izahatında cüyür kəlləsini suvenir hesab etdiyini və onu Türkiyədəki dostlarına hədiyyə etmək istədiyini bildirib. Onun sözlərinə görə, belə əşyanın gömrükdə bəyan edilməli olduğunu bilməyib.
Məlum olub ki, sərnişində bu cür məhsulların sərhəddən keçirilməsi üçün tələb olunan baytarlıq sertifikatı və müvafiq dövlət qurumunun icazəsi olmayıb.
Hadisə ilə bağlı kişi barəsində iki inzibati iş açılıb. Bunlardan biri məhsulun bəyan edilməməsi, digəri isə onun ölkədən çıxarılmasına qoyulan məhdudiyyətlərin pozulması ilə bağlıdır.
Gömrük xidməti xatırladıb ki, Avrasiya İqtisadi İttifaqının baytarlıq-sanitariya tələblərinə daxil olan məhsullar sərhəddən keçirilərkən müvafiq nəzarətdən keçməlidir.