"Kayu" uşaq bağçasında şiddət iddiası - "Uşağın gözünü partladıblar"   - YENİLƏNİB
04 sentyabr 2026 11:10 (UTC +04:00)

"Kayu" uşaq bağçasında şiddət iddiası - "Uşağın gözünü partladıblar" - YENİLƏNİB

0

Xəbər verdiyimiz kimi, “Kayu” uşaq bağçasında azyaşlıya şiddət göstərilməsi ilə bağlı iddialar səsləndirilir.

Lent.az məsələ ilə bağlı bağçanın müdiri Aytən Hüseynova ilə əlaqə saxlayıb.

O, iddiaları təkzib edib:

"Valideyndən soruşun ki, uşağında ilk dəfə şiddət əlaməti gördüyü halda niyə bunu işıqlandırmayıb, niyə uşağını bağçadan çıxarmayıb? Niyə yenə də uşağın həmin bağçada təhsil almasını istəyib? Həmin ərazidə addımbaşı bağça var. Niyə uşağı həmin bağçalara qoymayıb?". 

Bağça müdiri uşağın gözünün göyərməsi məsələsinə də aydınlıq gətirib:

"Uşaq getdiyi yerdə birdən-birə yıxılıb və üzü stula dəyib. Bu, şiddət deyil axı. Müəllim də dərhal uşağa kömək etmək üçün qaçıb və müdaxilə etməyə çalışıb. Yəni şiddət deyilən bir şey yoxdur. Sadəcə uşaq yıxılıb. Atasının da uşağı gətirdiyi zaman çəkilmiş videosu var. Uşağı buraxıb gedən kimi orada yıxılaraq göyərib. Məsələ ilə bağlı bağçanın adından daha ətraflı açıqlamamız olacaq". 

***

10:11

“Kayu” uşaq bağçasında azyaşlıya şiddət göstərildiyi ilə bağlı iddialar səsləndirilir.

Lent.az xəbər verir ki, bu barədə uşağın valideyni Elnur Əliyev paylaşım edib.

Valideynin sözlərinə görə, 2 yaş 2 aylıq oğlu bağçaya getdiyi müddətdə dəfələrlə bədənində göyərmə izləri ilə evə qayıdıb. Onun iddiasına əsasən, bağça əməkdaşları bu halları uşağın yıxılması ilə izah ediblər.

Valideyn bildirib ki, bir dəfə uşağın bədənində çimdik izlərinə bənzər izlər gördükdən sonra şübhələri daha da artıb. Bağçanın kamera görüntülərinə bir neçə saat baxılsa da, uşağın xəsarət aldığı anı müəyyən etmək mümkün olmayıb.Valideyn narazılığını bildirdikdə bağça əməkdaşları ona “xoşunuz gəlmirsə, uşağı çıxarın” cavabını veriblər.

Sonrakı dövrdə də uşağın müxtəlif nahiyələrində göyərmələr müşahidə olunub, hətta bir dəfə göz ətrafında aldığı xəsarətin izləri təxminən bir ay qalıb.

Valideyn bildirib ki, yay aylarında uşağı üç ay bağçaya aparmayıb. Tətil başa çatdıqdan sonra uşağı yenidən “Kayu” bağçasına aparıb və elə ilk gün axşam saatlarında onun alnında göyərmə və şişkinlik görüb. Baş verənlərlə bağlı şikayət edəcəyini bildirdikdə bağça əməkdaşlarından “gedin, hara istəyirsiniz şikayət edin” cavabını alıb.

Bununla yanaşı, valideyn həmin gün uşağı evə gətirdikdən sonra səhər geyindirilən bezin təxminən 7 saat ərzində dəyişdirilmədiyini və uşağın uzun müddət sidik və nəcis içində qaldığını müşahidə edib.

Məsələ ilə bağlı “Kayu” uşaq bağçası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədilər.

Digər aidiyyatı qurumlara da sorğu ünvanladıq, lakin hələ ki cavab ala bilməmişik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1128

Oxşar yazılar