“Qarabağ”-“Nyukasl” qarşılaşmasını izləmək üçün Tofiq Bəhramov adına Respublika stadionuna biletsiz daxil olan şəxs saxlanılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı Samir Şirinov (ad və soyad şərtidir) fevralın 18-də “Qarabağın” oyununa canlı baxmaq üçün stadiona gəlib. Bileti olmadığı üçün dostu ilə birgə qarşılaşmanın ikinci hissəsinə daxil olublar. Polis əməkdaşları bilet tələb etsə də, o, bileti olmadığını deyib. Belə olduqda, onlardan stadionu tərk etmələri tələb olunub. Lakin Samir qanuni tələbə məhəl qoymayıb və mübahisə yaradıb. Nəticədə o, saxlanılaraq, polis şöbəsinə aparılıb. Burada onun barəsində inzibati protokol tərtib olunub.
Samir Şirinov ifadəsində əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini deyərək barəsindəki icraata xitam verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə o, 200 manat miqdarında cərimələnib.