Süni intellektlə imtahanda saxtakarlıq edənlər HƏBS EDİLDİ
10 iyul 2026 12:43 (UTC +04:00)

Süni intellektlə imtahanda saxtakarlıq edənlər HƏBS EDİLDİ

0

Türkiyənin Kayseri şəhəri mərkəz olmaqla 6 vilayətdə keçirilən əməliyyat zamanı sürücülük vəsiqəsi imtahanlarında süni intellektdən istifadə etməklə saxtakarlıq etdiyi iddia olunan 20 nəfər saxlanılıb. Onlardan 15-i məhkəmə qərarı ilə həbs edilib.

Lent.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat Kayseri Respublika Prokurorluğunun koordinasiyası ilə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin Maliyyə Cinayətləri Bürosu tərəfindən həyata keçirilib.

İstintaq zamanı müəyyən olunub ki, şübhəlilər pul müqabilində sürücülük vəsiqəsi almaq istəyən namizədlər üçün süni intellekt texnologiyalarından istifadə edərək onların görünüşünə bənzər ortaq fotolar hazırlayıblar. Həmin fotolar Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqələrində istifadə olunub və bu yolla elektron nəzəri imtahanlardan, eləcə də praktiki sürücülük sınaqlarından qanunsuz şəkildə keçmək mümkün olub.

Texniki və fiziki izləmə tədbirlərindən sonra Kayseri ilə yanaşı İstanbul, Şanlıurfa, Qaziantep, Kahramanmaraş və Hatay vilayətlərində eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat zamanı saxlanılan 20 şübhəlidən 15-i "Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi haqqında" qanunun tələblərini pozmaq və rəsmi sənədləri saxtalaşdırmaq ittihamı ilə məhkəmənin qərarı əsasında həbs olunaraq istintaq təcridxanasına göndərilib.

Digər 5 nəfər isə barələrində məhkəmə nəzarəti qətimkan tədbiri seçilməklə sərbəst buraxılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar