Ankara “ticarət yoxdur”  deyir, gəmilər İsrailə üzür - Faktlar nə göstərir?
17 oktyabr 2026 20:31 (UTC +04:00)

Ankara “ticarət yoxdur” deyir, gəmilər İsrailə üzür - Faktlar nə göstərir?

0

Türkiyə hakimiyyəti artıq neçə ildir İsraillə bütün ticarət əlaqələrinin dayandırıldığını bəyan edir. Rəsmi Ankara iki ölkə arasında iqtisadi münasibətlərin sıfır səviyyəsində olduğunu bildirir. Lakin beynəlxalq ticarət statistikaları, İsrailin rəsmi maliyyə qurumlarının hesabatları və dəniz daşımalarına dair araşdırmalar bu bəyanatların arxasında daha mürəkkəb mənzərənin dayandığını göstərir. Bir tərəfdə İsrailə qarşı sərt siyasi ritorika, digər tərəfdə isə Türkiyə mənşəli məhsulların İsrail bazarına daxil olmasının davam etməsi barədə məlumatlar var.

Lent.az Türkiyə ilə İsrail arasında ticarət əlaqələrinin əsl mənzərəsini, beynəlxalq statistikadakı ziddiyyətləri və xarici bayraqlar altında fəaliyyət göstərən gəmilərlə bağlı ortaya çıxan faktları araşdırıb.

Ankara “ticarət sıfırdır” deyir, İsrailin rəqəmləri isə başqa mənzərə göstərir

Türkiyə hökuməti 2024-cü il mayın 2-də İsraillə bütün məhsul qrupları üzrə idxal və ixrac əməliyyatlarının dayandırıldığını elan edib. Qərar Qəzzada davam edən hərbi əməliyyatlara etiraz olaraq qəbul olunub.

Ankara həmin tarixdən etibarən İsraillə birbaşa ticarətin tamamilə dayandığını vurğulayır. Türkiyə Ticarət Nazirliyi 2026-cı il martın 30-da yaydığı açıqlamada da bu mövqeyini təkrarlayıb, İsraillə ticarətin davam etməsi barədə iddiaları rədd edib.

Lakin İsrail Mərkəzi Bankının 19 mart 2025-ci ildə dərc etdiyi hesabat Türkiyənin rəsmi göstəriciləri ilə İsrailin idxal statistikası arasında ciddi fərqlərin olduğunu ortaya qoyub.

Hesabata əsasən, 2024-cü ilin əvvəlində İsrailə Türkiyə mənşəli məhsulların idxalı ayda təxminən 550 milyon dollar təşkil edib. Türkiyənin embarqo qərarından sonra bu göstərici əhəmiyyətli dərəcədə azalsa da, ilin sonuna doğru aylıq 100–200 milyon dollar səviyyəsində qalıb.

Bu isə diqqətçəkən sual yaradır: Əgər Türkiyənin İsrailə ixracatı tamamilə dayandırılıbsa, Türkiyə istehsalı olan məhsullar İsrail bazarına necə daxil olur?

Milyardlarla dollarlıq ticarət necə dəyişdi?

İsrail Mərkəzi Bankının məlumatına görə, 2023-cü ildə İsrailə idxal olunan Türkiyə mənşəli məhsulların ümumi dəyəri təxminən 5,3 milyard dollar olub.

Bunun 4,6 milyard dolları birbaşa Türkiyədən alınıb. Ən azı 660 milyon dollarlıq Türkiyə istehsalı olan məhsul isə üçüncü ölkələr vasitəsilə İsrail bazarına daxil olub.

Başqa sözlə, üçüncü ölkələr üzərindən Türkiyə məhsullarının İsrailə çatdırılması embarqodan əvvəl də mövcud idi.
Türkiyə xüsusilə İsrailin tikinti sektoru üçün mühüm təchizatçılardan biri olub. Sement, gips və əlaqəli məhsulların idxalında Türkiyənin payı təxminən yarıya, dəmir-polad məhsullarında isə beşdəbirə çatıb.

Türkiyə bayrağı yoxdur, amma İsrailə gedən gəmilər var

Məsələnin digər diqqətçəkən tərəfi dəniz nəqliyyatı ilə bağlıdır. 2025-ci ilin avqustunda Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin İsrail gəmilərinə limanlarını bağladığını, Türkiyə bayrağı altında üzən gəmilərin isə İsrail limanlarına girişinin qadağan edildiyini açıqlayıb.

Lakin gəminin hansı ölkənin bayrağı altında üzməsi ilə onun faktiki sahibinin hansı ölkəyə bağlı olması eyni anlayış deyil.
Beynəlxalq gəmiçilikdə Türkiyə şirkətlərinə məxsus gəmilərin Panama, Liberiya və digər ölkələrin bayraqları altında fəaliyyət göstərməsi mümkündür.

Bu isə embarqonun tətbiqi ilə bağlı mühüm sual doğurur: Qadağa yalnız gəminin bayrağına aiddirsə, Türkiyə şirkətlərinin xarici bayraqlı gəmilərlə İsrail limanlarına daşımaları necə tənzimlənir?

2026-cı ilin aprelində Türkiyə mediasında yayılan araşdırmada Panama bayrağı altında üzən və Türkiyə şirkəti ilə əlaqələndirilən “Orita” adlı konteyner gəmisinin İsrailin Aşdod limanına səfərləri barədə məlumatlar dərc olunub.

Araşdırmada gəminin marşrutunun gizlədildiyi, Misirin İsgəndəriyyə limanının təyinat məntəqəsi kimi göstərildiyi və avtomatik identifikasiya sisteminin müəyyən müddətə söndürüldüyü iddia edilib.

Sentyabrda İsrail limanlarında qeydə alınan gəmilər

2026-cı ilin sentyabrında aparılan dəniz nəqliyyatı monitorinqi də diqqətçəkən nəticələr ortaya qoyub.

APA-nın dərc etdiyi araşdırmaya əsasən, sentyabrın 17-dən 30-dək Türkiyə ilə əlaqəli altı müxtəlif gəminin İsrailin Aşdod və Hayfa limanlarına ümumilikdə 11 girişi qeydə alınıb.

Araşdırmada aşağıdakı gəmilərin adları çəkilib:

- MEDKON LTF
- MEDKON CANAKKALE
- MEDKON MERSIN
- ADMIRAL MARS
- ADMIRAL STAR
- ANITA A

İsraili boykot edən Türkiyən gəmiləri Hayfada nə axtarır?

Məlumata görə, gəmilər Panama və Liberiya bayraqları altında fəaliyyət göstərib. Qeydə alınan 11 liman girişindən səkkizi Aşdod, üçü isə Hayfa limanının payına düşüb.

Xüsusilə “MEDKON LTF” gəmisinin sentyabrın 27-də İstanbulun Ambarlı limanından çıxaraq sentyabrın 30-da Aşdod istiqamətində hərəkət etməsi diqqət çəkib.

Bu məlumatlar Türkiyə ilə əlaqəli gəmiçilik fəaliyyətinin İsrail limanlarında davam etdiyinə dair ciddi suallar yaradır. 

Fələstinə göndərilən məhsulların əsl ünvanı haradır?

Türkiyə ilə İsrail arasında ticarət mübahisəsinin ən həssas məqamlarından biri Fələstinə ixrac əməliyyatlarıdır.

Ankara bildirir ki, Fələstin ərazilərinin müstəqil dəniz limanı və gömrük infrastrukturu olmadığından, Türkiyədən göndərilən müəyyən mallar İsrail limanları vasitəsilə daşınır.

Türkiyə Ticarət Nazirliyinin 2026-cı ilin martında yaydığı məlumata əsasən, Fələstinə aylıq təxminən 50–60 milyon dollarlıq ticarət həyata keçirilir.

Nazirlik bu daşımaların Fələstin Milli İqtisadiyyat Nazirliyinin təsdiqi ilə aparıldığını və məhsulların yalnız Fələstin bazarı üçün nəzərdə tutulduğunu açıqlayıb.

Amma İsrail Mərkəzi Bankının hesabatı göstərir ki, Fələstin bazarı ilə əlaqələndirilən ixracatın bir hissəsinin son təyinatına nəzarətdə problemlər mövcud olub.

Hesabata əsasən, 2024-cü ilin oktyabr-noyabr aylarında Türkiyə malların həqiqətən Fələstin bazarına çatmasını təsdiqləyən sənəd tələb etməyə başlayıb. Bu tədbirlərdən sonra İsrailə daxil olan Türkiyə mənşəli məhsulların həcmi azalsa da, tam dayanmayıb.

Beləliklə, Fələstinə göndərildiyi bildirilən malların son istehlakçısının müəyyən edilməsi məsələsi açıq qalır.

Sement və polad: iqtisadi maraqların ən həssas nöqtəsi

Türkiyə uzun illər İsrailin tikinti sektorunun əsas xarici təchizatçılarından biri olub.

İsrail Mərkəzi Bankının hesabatında bildirilir ki, embarqodan əvvəl İsraildə istifadə olunan sementin təxminən 45 faizi Türkiyədən idxal edilirdi.

Eyni hesabatda xüsusilə qeyd edilir ki, Türkiyədən sement idxalı tam dayansa da, bəzi digər daş və metal məhsullarının idxalı embarqodan sonra da davam edib.

Bu fakt bir tərəfdən məhdudiyyətlərin müəyyən sahələrdə işlədiyini, digər tərəfdən isə bütün məhsul kateqoriyalarında eyni nəticənin əldə olunmadığını göstərir. 

Azərbaycanın adı niyə bu mübahisələrdə hallandırılır?

Türkiyə ilə İsrail arasındakı iqtisadi əlaqələr ətrafında yaranan müzakirələr Azərbaycan üçün də əhəmiyyətlidir.

Türkiyənin bəzi siyasi və media dairələrində Azərbaycanın İsraillə iqtisadi münasibətləri tənqid olunur. Bu tənqidlərdə xüsusilə enerji əməkdaşlığı və strateji əlaqələr ön plana çıxarılır.

Ancaq burada ciddi prinsipial məsələ var.

Azərbaycan öz xarici iqtisadi əlaqələrini müstəqil dövlət kimi müəyyənləşdirir. Rəsmi Bakı İsraillə münasibətlərini gizlətmir və iki ölkə arasındakı əməkdaşlıq açıq diplomatik münasibətlər çərçivəsində həyata keçirilir.

Türkiyə hakimiyyəti isə İsraillə ticarətin sıfır olduğunu bəyan edir, lakin bu ölkə ilə gizli ticarətini davam etdirir. Sosial mediada da Azərbaycanı tənqid edənlər bu ticarətdən xəbərsizdir.

Belə məlum olur ki, Türkiyə ilə əlaqəli gəmilərin İsrail limanlarına səfərləri və Türkiyə məhsullarının üçüncü ölkələr vasitəsilə həmin bazara daxil olması barədə məlumatları hökumət ictimaiyyətdən gizlədir. 

Başqa ölkələrin iqtisadi münasibətlərini tənqid edən dairələr eyni şəffaflıq meyarını öz ölkələrinin ticarət və nəqliyyat fəaliyyətinə də tətbiq etməlidirlər.

Əks halda, iqtisadi reallıqlarla siyasi ritorika arasında ziddiyyət yaranır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar