İndoneziyanın Açe əyalətində TikTok-da canlı yayım zamanı öpüşən bir cütlük şəriət qanunlarını pozmaqda təqsirli bilinərək ictimai şəkildə qamçılanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İndoneziyanın Aceh əyalətində baş verib.
Məlumata görə, qadın və kişi sosial şəbəkədə canlı yayım zamanı öpüşdükləri üçün şəriət qanunlarını pozmaqda ittiham olunublar. Qərara əsasən, qadın ictimai meydanda diz çökdürülərək şəriət polisi tərəfindən qamçılanıb. Bildirilir ki, o, 21 zərbə cəzası alıb və cəzanın icrası zamanı huşunu itirib. Kişi də eyni hadisəyə görə qamçı cəzasına məruz qalıb.
Məlumata görə, cütlüyün TikTok canlı yayımını izləyən bəzi yerli sakinlər görüntüləri polisə təqdim ediblər. Bundan sonra hüquq-mühafizə orqanları araşdırma apararaq cəza qərarı çıxarıblar.
Açe şəhərinin şəriət polisi rəhbəri Məhəmməd Rizal bildirib ki, bu, əyalətdə sosial şəbəkələr vasitəsilə şəriət qanunlarının pozulmasına görə tətbiq edilən ilk belə cəzadır.
Qeyd edək ki, Aceh İndoneziyada şəriət qanunlarının tətbiq olunduğu yeganə əyalətdir. Burada nikahdan kənar kişi və qadın arasında öpüşmək, qucaqlaşmaq və digər fiziki yaxınlıq formaları qadağandır.