Tiktok-dakı söyüş üstündə KÜTLƏVİ DAVA:  "Məni söyəcəkdilər, durub baxacaqdım?"
10 fevral 2026 17:18 (UTC +04:00)

Tiktok-dakı söyüş üstündə KÜTLƏVİ DAVA: "Məni söyəcəkdilər, durub baxacaqdım?"

0

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Töhrad Quliyev və Cavad Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki,  hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilənlərin ifadəsi ilə davam edib.

Təqsirləndirilən Cavad Bayramov həmin gün Töhrad Quliyevin zəngindən sonra görüşdüklərini deyib:

"2024-cü ilin mart ayının 30-u idi. Töhrad zəng elədi ki, uşaqlarla yığışmışıq, gəl görüşək. Vədələşib "Şamaxinka"da görüşdük. Töhrad taksi vurdu. Çatanda Rəhmanı da orada gördüm. Rəhman taksini yola saldı. Dedi ki, Nicatın yanına 3 nəfər gəlib, bizdən konum istəyirlər. Deyəsən sosial şəbəkələrdə bir-birini söyüblər. Gözlədik gəldilər, 5 nəfər idilər. Mən, Rəhman, Töhrad, Nicat yaxınlıqdakı parka getdik. Gələnlərlə Nicatın bərk mübahisəsi düşdü. Onlar istəyirdilər ki, Nicatı aparıb öz aralarında ayırd eləsinlər. Biz buna razı olmadıq və söhbəti bizim yanımızda qurtarmalarını onlara dedik.

Keçdik kafenin arxasındakı "moyka"ya. Sadiq Nicatı yumruqla vurdu, mən aranın qarışdığını görüb aralaşdırmağa qaçdım. Nicata çatmamış, Rövşən arxamca gəlib mənə pis söyüş işlətdi. Söyüşə dözə bilmədim, onun qolundan bıçaqla vurdum. Etiraf edim ki, əsəbiləşib mən də Rövşəni söydüm. Bıçaq çıxarıb Sadiqi də kürəyindən vurdum. Bu zaman Rövşən məni arxadan qucaqlayaraq, bıçağı alıb məni vurmaq istəyirdi. Məni yerə yıxdı, yerdə Rövşənlə boğuşduq. Sonra uşaqlar və Töhrad gəldi, məni dartıb aralaşdırdılar. 20 yanvara qalxdıq, salfet alıb üst-başımızı təmizləməyə başladıq. 2-3 dəqiqədən sonra da Töhrad başı qan içində gəldi ki, məni taxta ilə vurdular. Nə etməli idim? Mənim var-yoxuma söyəcəklər, mən durub baxacaqdım?".

Məhkəmə digər təqsirləndirilənin ifadəsinin dinlənilməsi üçün prosesi 3 marta təyin edib.

Xatırladaq ki, hadisə 2024-cü ilin martında Nəsimi rayonu Moskva prospektində 96 nömrəli məktəbin qarşısındakı parkda baş verib. 

Təqsirləndirilən şəxslər "Tik-tok" sosial şəbəkəsində sözlü mübahisədən sonra görüş təyin ediblər. Daha sonra mübahisə əlbəyaxa davaya çevirilib və bıçaqlanma baş verib. 

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar