Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ruslan Rzayev, Nail Mehralıyev və Muğan Teymurlunun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, R.Rzayev 10, N.Mehralıyev və M.Teymurlu isə hər birinə 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, bu il martın 28-də saat 04:00 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakinləri Ruslan Rzayev, Muğan Teymurlu və Nail Mehralıyev Siyəzən rayon sakini Ruslan Hüseynovu bıçaqla hədələyib 53 manatını alıblar. Xətai Rayon Polis İdarəsi (RPİ) 37-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rzayev, M.Teymurlu və N.Mehralıyev tutulub.