Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi paytaxtda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, mayın 6-da 1951-ci il təvəllüdlü Əhmədov Vahid Cəbrayıl oğlunun Yasamal rayonunda kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilmiş və faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Baş vermiş hadisə ilə bağlı dərhal hadisə yerinə və meyitə rayon prokurorluğunun müstəntiqinin, prokuror-kriminalistin və tibbi ekspertin işitirakı ilə baxış keçirilmiş, iş üzrə istintaq-əməliyyat qrupu yaradılıb. Cinayəti törətmiş şəxsin, hadisənin şahidlərinin müəyyən edilməsi istiqamətində məqsədyönülü intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Zəruri telefon danışıqlarına dair məlumatları əldə etmək məqsədi ilə sorğular verilərək müvafiq cavablar alınmış, hadisə baş vermiş ünvana yaxın ərazidə quraşdırılmış təhlükəizlik kameralarından görüntülər, hadisə yerindən sübut əhəmiyyətinə malik olacaq paltarlar, əşya və dəlillər maddi sübut kimi götürülmüş, ölümün səbəblərini müəyyən etmək üçün iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib. Həyata keçirilmiş intensiv və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1997-ci il təvəllüdlü Yunusov Vüqar Rəşid oğlu tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.