Bakıda sükan arxasında yatan sürücülərin törətdiyi məzəli yol qəzaları
10 dekabr 2013 16:48 (UTC +04:00)

Bakıda sükan arxasında yatan sürücülərin törətdiyi məzəli yol qəzaları

0

Lent.az Bakı şəhərində Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan yol qəzalarının videogörüntülərini təqdim edir.

 

Birinci yol qəzasındakı görüntüdə sola dönmək istəyən sürücünün manevr qaydalarını pozduğu aydın görünür. Demək, “Mersedes” üçüncü zolaqda hərəkətdə olduğu halda oradan birbaşa, yəni, yandan hərəkət edən nəqliyyat vasitələrini gözləmədən sağa dönür. Bu isə sürücünün təcrübəsizliyidir.

 

İkinci yol qəzasında sürücülər yol nişanlarına əməl etmirlər. Daha doğrusu, soldan hərəkət edən nəqliyyat vasitəsi hərəkət edərkən digər maşınlar dayanıb onu gözləyirlər. Amma “Jiquli” gözləmir və sürətlə hərəkət edərək qəza törədir.

 

Üçüncü yol qəzasının baş verdiyi yol kəsişməsi tənzimlənməyən yoldur. Belə olduğu halda, sağdan hərəkət edən nəqliyyat vasitəsinə yol vermək lazımdır. Lakin burada biz görürük ki, hər iki sürücü yüksək sürətlə hərəkət edir və eyni sürətlə də bir-birinə çırpılırlar. Hətta onların təhlükəsizlik kamerasının quraşdırıldığı dirəyə çırpıldıqları da hiss olunur.

 

Daha bir yol qəzası da sürücülərin təcrübəsizliyindən baş verir. Sağa hərəkət edən nəqliyyat vasitəsi düzünə hərəkət edən maşını, o isə sağa gedən başqa avtomaşını vurur. Burada bir məqam var ki, sağa hərəkətdə olan nəqliyyat vasitələri svetoforun yaşıl işığında hərəkət edirlər və tıxac olduğu üçün hərəkəti tam başa çatdıra bilmirlər. Düz hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü isə onun yolunun üstündə olan svetoforda yaşıl işıq yanan kimi sürətlə hərəkət etməyə başlayır. Amma unudur ki, svetoforun yaşıl işığı yanarkən kəsişən yolda nəqliyyat vasitəsi varsa, onun hərəkəti başa çatdırmasını gözləmək lazımdır. Çünki o, özündən asılı olmayan səbəbdən hərəkəti tam başa çatdıra bilməyib.

 

“London taksisi”nə çırpılan “Mersedes”in sürücüsü barədə bircə bunu demək olar ki, yəqin o, sükan arxasında yatıbmış. Yoxsa, düz yolda gedib başqa maşına çırpılmağa başqa ad vermək olmaz.

Növbəti qəzada kəsişən yolda “Range Rover” sağdan gələn “Nissan”ı gözəməli idi. Ondan sonrakı qəzada da ağ “Mitsubişi” soldan gələn yük maşınına yol verməli idi. Necə ki, o biriləri dayanıb gözləyirdi.

Sola manevr edən “Hundai Santafe”nin sürücüsü də təcrübəsizlik edir və sağdan gələn maşına yol vermir. Nəticədə toqquşma baş verir.

 

Növbəti yol qəzası ağ rəngi taksi sürücüsünün kobud qayda pozuntusunun nəticəsidir. O, düzünə hərəkət etməli olduğu halda, qarşı yola çıxıb sola dönür. Dayanıb ona yol verən sarı rəngli taksi arxadan başqa bir maşının zərbəsinə tuş gəlir və irəli hərəkət edərək dönmək istəyən ağ taksini vurur. Sonra isə məlum olur ki, həmin maşını da qırmızı rəngli yük maşını vurub qabağa atdığı üçün zəncirvarı qəza baş verir. Beləcə, bir sürücünün qaydanı pozması 4 nəfərin zərər çəkməsinə səbəb olur.

 

Sarı rəngli “Jiquli” sürücüsünün sağa dönərkən qarşı yola çıxması bir qədər gülünc görünür. Sağa dönmək üçün yol boş olduğu halda, o, əks tərəfə çıxır və “Mersedes”lə toqquşur.

Növbəti yol qəzası da manevr qaydasının pozulmasının nəticəsidir. Ağ “Prado” üçüncü zolaqdan birinci zolağa dönmək istəyir. Hansı ki, bu, çox təhlükəli manevrdir və qadağandır. Səbəb isə bu cür qəzaların baş verə biləcəyidir. Digər yol qəzasında da taksi sürücüsünün sükan arxasında yatdığını desək, yanılmarıq. Çünki boş yolda, heç bir maneə olmadığı halda düz getdiyi yerdə maşını gətirib yol kənarında dayanmış “BMW-X5”ə çırpaq da  ancaq yuxulu adamın işi ola bilər.

Qırmızı rəngli “Mersedes”in sürücüsü də kobud qayda pozuntusuna yol verir. Dördüncü zolaqdan hərəkət etdiyi halda solda maşın olduğuna əhəmiyyət vermədən birbaşa sola, yəni, birinci zolağa hərəkət edərək sola, geriyə dönür. Nəticəsi isə göz qabağındadır.

 

Nəhayət, sonuncu yol qəzasında da dairədə olan avtomaşına yol verməməyin nəticəsi özünü göstərir. Lakin məsələ burasındadır ki, bu yol qəzasında körpünün altından hərəkət edən avtomaşının sürət həddini aşdığı və qəflətən dairəyə daxil olduğu da özünü göstərir. Belə olan halda hərəkəti davam etdirmiş sürücü yolun ortasında dayanıb ona yol verə bilməzdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3557

Oxşar yazılar