Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi nikahda olub, birlikdə yaşadığı hamilə qadını öldürməyə cəhd göstərən 1984-cü il təvəllüdlü Məhəmməd Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqın açıq elan olduğu bildirilib. Söz ittiham aktını elan edilməsi üçün prokurora verilib.
Dövlət ittihamçısı ittiham aktını elan edib. M. Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib. O, məhkəmədə sərbəst ifadə verib.
Təqsirləndirilən şəxs ifadəsində qeyri-rəsmi nikahda olduğu Ayşən Gülüşovanı qorxutmaq niyyətinin olduğunu bildirib. “Mənim məqsədim yalnız və yalnız barışmaq olub. Bir neçə aydır ki, ayrılmışdıq. Bacısıgildə qalırdı. Barışmağa getmişdim. Özümdə bilmədim hadisə necə oldu. Evə girdim, nə qədər yalvarsam da, mənimlə barışmayacağını bildirdi. Həmin vaxt özümdən çıxdım. Bıçağı çıxartdım və bir də ayıldım ki, Ayşən yerdədir. Qorxdum, həyəcan basdı. Oradan qaçdım. Peşmanam elədiklərimə görə. Bu cür olmasını istəməzdim. Hamilə olduğunu bilirdim”.
Təqsirləndirilən şəxs hakim və dövlət ittihamçısının suallarına cavab verib.
M. Əliyevdən sonra məhkəmədə zərərçəkən Ayşən Gülüşova ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmadığını, onu bağışladığını bildirib. “ Biz onunla ayrılmışdıq. Bacımoğlu məktəbdən gəlmişdi. Ona yemək hazırlayırdım. Qaz birdən-birə kəsildi. Qapıdan çölə çıxdım ki, bəlkə ümumi xətdən kəsilib. Bu zaman Məhəmməd orda idi. Qapını örtmək istədim. İçəri girdi. Mənimlə barışmaq istədiyini bildirdi. Rədd etdim və dedim ki, istəmirəm, sən yoluna , mən yoluma. Qəzəbləndi, özündən çıxdı. Cibindən bıçağı çıxartdı. Üstümə cumdu. Bıçaqla boğazıma, bədənimə zərbələr endirdi. Yerə yıxıldım. Bu zaman sanki özünə gəldi. Əl çəkdi, qaçıb getdi. Hadisələr bacımın 12 yaşlı oğlunun gözünün qabağında baş verdi. Mənimlə barışmaq niyyəti vardı. Mən istəmədim. Şikayətim yoxdur”.
Dövlət ittihamçısı Ayşən Gülüşovanın istintaq verdiyi ifadələrlə məhkəmədə verdiyi ifadənə ilə bir-biri ilə ziddiyət təşkil etdiyini bildirib. “O istintaq zamanı deyib ki, “Məhəmməd məni yerə yıxdı. Boğazımı üzmək istəyirdi. Özümü ölülüyə vurdum, öldüyümü zənn edib, çıxıb getdi””.
Zərərçəkmiş şəxs istintaq zamanı hamilə olduğunu və həyacanlı olduğundan bu cür ifadələrin verdiyini bildirib. “Hamiləydim, həyacanlıydım, hadisənin şoku üzərimdəydi. Bilmirdim nə deyirdim”.
Ayşən Gülüşova övladlarının dünyaya gəldiyini bildirib. “Barışmışıq, övladım olub”.
Qeyd edək ki, hadisə bu il aprel ayında Suraxanı rayonu Tağıyev küçəsində qeydə alınıb. 31 yaşlı Məhəmməd Əliyev qeyri-rəsmi yaşadığı 23 yaşlı Ayşən Gülüşova ilə mübahisə edib. Ailə daxili mübahisə o həddə çatıb ki, kişi həyat yoldaşına baş nahiyəsindən bıçaqla xəsarət yetirib. Həyat yoldaşını al-qan içində görə Məhəmməd Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət endirib. Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər xəstəxanasına çatdırıblar.