Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan Lent.az-a daxil olan məlumata əsasən, oktyabrın 24-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 66 ədəd partlamamış hərbi sursat (PHS), 58 ədəd partlamış-yanmış mərmi qalıqları və 995 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 1 297 000 kv.m (129.70 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 52 gün ərzində 13 254 ədəd partlamamış hərbi sursat (PHS), 5 513 ədəd partlamış-yanmış sursat qalıqları və 48 323 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 51 721 258 kv.m (5 172 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.