Hər bir pişik sahibi ev heyvanının özünü rahat hiss etməsini və xoşbəxt yaşamasını istəyir. Lakin mütəxəssislər bildirirlər ki, bir çox pişik insanların düşündüyündən daha çox ünsiyyətə və diqqətə ehtiyac duyur. Məhz buna görə də bəzi sahiblər evdən çıxarkən narahatlıq keçirirlər. Xüsusilə də pişik onları yüksək səslə miyoldayaraq yola salır və tək qalmaq istəmədiyini göstərir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ev pişikləri ətraflarında baş verən ən xırda detalları belə diqqətlə müşahidə edirlər. Onlar sahiblərinin gündəlik vərdişlərini tez yadda saxlayır və evdən çıxmazdan əvvəl təkrarlanan hərəkətləri geyinmək, açarları götürmək, çantanı hazırlamaq və qapıya yaxınlaşmaq kimi davranışları asanlıqla fərqləndirirlər. Mütəxəssislərin sözlərinə görə, pişiklərin nə düşündüyünü dəqiq bilmək mümkün olmasa da, onların davranışları çox şeyi izah edir.
"Qapını bağlayıb evdən çıxdığınız anda pişiyinizin nə düşündüyünü birbaşa bilmək mümkün deyil. Ancaq onlar insanların düşündüyündən daha çox şeyi hiss edir və müşahidə edirlər. Növbəti dəfə evdən çıxanda unutmayın ki, pişiyiniz bunu göstərməsə belə, sizə düşündüyünüzdən daha çox darıxa bilər", - mütəxəssislər bildiriblər.
Pişiyin tək qalmaqdan əziyyət çəkdiyini göstərən əlamətlər
Baytarlar sahiblərə ev heyvanlarının davranışındakı dəyişikliklərə diqqət yetirməyi tövsiyə edirlər. Aşağıdakı əlamətlər pişiyin tək qalmaqdan stress keçirdiyini göstərə bilər:
Davamlı və ya həmişəkindən daha yüksək səslə miyoldaması;
Sahibinə həddindən artıq bağlanması və daim onun yanında olmaq istəməsi;
Mebelləri cırmaqlaması və ya əşyaları yerə ataraq dağıdıcı davranışlar nümayiş etdirməsi;
Tualet qabından istifadə etməməsi və başqa yerləri çirkləndirməsi;
Yeməli olmayan əşyaları dişləməyə və gəmirilməyə çalışması;
Özünü həddindən artıq yalaması, nəticədə tüklərinin töküldüyü nahiyələrin əmələ gəlməsi.
Pişiyin ayrılığı daha rahat keçirməsi üçün nə etmək olar?
Mütəxəssislər bildirirlər ki, sadə üsullar pişiyin narahatlığını azaltmağa kömək edə bilər. Bunun üçün pişiyin sevdiyi yerdə sahibinin qoxusu olan bir geyim və ya parça saxlamaq tövsiyə olunur. Tanış qoxu pişikdə təhlükəsizlik hissi yaradır və onun ayrılığı daha sakit keçirməsinə kömək edir. Bundan əlavə, evdən çıxma anını emosional hadisəyə çevirməmək də vacibdir.
Sakit və adi şəkildə evdən çıxmaq pişiyə sahibinin müvəqqəti yoxluğunu gündəlik həyatın normal bir hissəsi kimi qəbul etməyə kömək edir və stressi azaldır. Baytarlar qeyd edirlər ki, pişiklər çox vaxt müstəqil heyvan təsiri bağışlasalar da, onların davranışları sahibinə olan bağlılıqları barədə çox şey deyir.
Ev heyvanının jestlərini, mimikasını və gündəlik vərdişlərini diqqətlə izləmək onun əhvalını və ehtiyaclarını daha yaxşı anlamağa imkan verir.