Belə təbriklərdən biri də planetin ən nəhəng klublarından olan İtaliya “Milan”ından daxil olub. “Rossonyerlər”in vitse-prezidenti Adriano Qallianinin imzası ilə “Neftçi”nin prezidenti Sadıq Sadıqova göndərilən məktubda deyilir: “A.C. Milan” ailəsi adından Sizi 6-cı dəfə çempionluq titulu qazanmağınız münasibətilə təbrik edirik”.
Qeyd edək ki, “Milan” dünyanın ən titullu klublarından biridir. 1899-cu ildə əsası qoyulan komanda 17 dəfə İtaliya çempionatının, 5 dəfə İtaliya kuboku, 5 dəfə İtaliya Superkuboku, 7 dəfə Çempionlar Liqası, 5 dəfə UEFA Superkuboku və 2 dəfə Kuboklar Kubokunun qalibi olub. Bundan başqa, Milan şəhərinin eyniadlı təmsilçisi 2007-ci ildə klublararası dünya çempionatında da qızıl medallara sahib çıxıb.