14 yaşlı türk şahmatçısı Yağız Kaan Erdoğmuş dünya şahmat lideri Maqnus Karlsenin əvvəlki rekordunu keçərək FİDE reytinqinin ilk 50-liyindəki ən gənc oyunçu olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu rekord, istedadlı türk şahmatçı hazırda 15-ci yerdə olan fransız Maksim Vaşye-Laqravatı məğlub edərək "Nəsillərin toqquşması" yarışında qeydə alınıb.
Bu uğurdan sonra Erdoğmuş 2669 xal toplayıb və tezliklə planetin ən yaxşı şahmatçılarının yenilənmiş siyahısında 47-ci yerə yüksəlib.
Yanvar ayında o, tarixin bu nailiyyətə imza atan ən gənc oyunçusu olacaq.
Erdoğmuş hazırda 14 yaş 6 aylıqdır. Əvvəlki rekord 15 yaş 7 aylıq olanda ilk 50-liyə daxil olan norveçli Maqnus Karlsenə məxsus idi.

Həmçinin qeyd etmək lazımdır ki, Yağız Kaan cəmi dörd ay əvvəl FİDE reytinqinin ilk 100-lüyünə daxil olub.
Erdoğmuşun bu uğuru dünya şahmatının getdikcə cavanlaşdığının bariz nümunəsidir.

Noyabr ayının sonunda 19 yaşlı özbək Javohir Sindarov Dünya kubokunun ən gənc qalibi olmaqla qədim hind oyununun tarixini yenidən yazıb.