Polşanın Krakov şəhərində, əsas meydan yaxınlığında naməlum şəxsin insanlara atəş açması nəticəsində altı nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralananlardan ikisi polis əməkdaşıdır.
Lent.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Şəhər polisi atəş açan şəxsin kimliyini müəyyənləşdirib. Polisdən verilən məlumata görə, şübhəli Polşa vətəndaşıdır və hadisəni törətməkdə hazırda məlum olan yeganə şəxsdir.
Polis sosial şəbəkədə yaydığı açıqlamada hadisə ilə əlaqədar polis əməkdaşının öldüyü və başqa şübhəlinin axtarıldığı barədə məlumatları təkzib edib. Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
RMF24 teleradio şirkətinin məlumatına görə, saxlanılan şəxsin 25 yaşı var.