Nazirlik Səhmdar Cəmiyyətdən 94 min manat cərimə istəyir
04 avqust 2009 10:30 (UTC +04:00)

Nazirlik Səhmdar Cəmiyyətdən 94 min manat cərimə istəyir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional şöbəsi “Oğuz Reproduktor Quşçuluq” ASC-də apardığı 4 yoxlamada fərqli aktlar tərtib edib

9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi son bir il 6 ay ərzində Oğuz Rayon İcra Hakimiyyətinin tapşırığı ilə “Oğuz Reproduktor Quşçuluq” ASC-də 4 dəfə yoxlamalar aparıb. Həmin yoxlamaların 3-də şöbənin əməkdaşları müəssisənin yerləşdiyi ərazidə heç bir qanun pozuntusu aşkarlamadıqlarını aktla təsdiq ediblər. Sonuncu yoxlama zamanı isə Səhmdar Cəmiyyətin guya yerin təkindən istifadə qaydalarını pozduğu qeydə alınıb və bu barədə akt tərtib olunub.

“Oğuz Reproduktor Quşçuluq” ASC-nin Direktorlar Şurasının rəhbəri Şirin Şuminov Lent.az-a bildirib ki, həmin yoxlamadan sonra 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi müəssisəyə 94 min manat cərimə yazıb. Onun sözlərinə görə, şöbənin əməkdaşları tərtib etdikləri aktın üzərində yoxlamanı rayon icra hakimiyyətinin başçısının təkidi ilə apardıqlarını da qeyd etdilər. “Biz qanun pozuntusu sayıla biləcək heç bir hərəkətə yol verməmişik. Sadəcə Səhmdar Cəmiyyətə məxsus ərazidə bataqlığın qurudulması üçün kanal çəkmişik. Bunu ekoloqlar özləri də 3 dəfə gəlib görüblər və onlar hansısa qanun pozuntusu qeydə almayıblar. Ancaq 4-cü yoxlamada bu, yerin təkindən istifadə qaydalarının pozulması kimi qiymətləndirilib”.

Şirin Şuminov baş verənlərlə bağlı Bakı İqtisad Məhkəməsinə şikayət etdiklərini və iddialarının təmin olunduğunu deyib. Amma onun sözlərinə görə, qarşı tərəf bununla razılaşmayaraq apelyasiya şikayəti verib və prosesə sabah Bakı Apelyasiya məhkəməsində baxılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatı təsdiq edir. Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin hüquq şöbəsinin əməkdaşı Çingiz Nəcəfov Lent.az-a bildirib ki, Səhmdar Cəmiyyət torpaq sahəsində kanalı qazmaq üçün müvafiq icazə almalı olduğu halda bunu etməyiblər.

Nazirlik rəsmisi “Oğuz Reproduktor Quşçuluq” ASC-də aparılan 4 yoxlamada fərqli aktların tərtib edilməsinə də aydın gətirib. Onun sözlərinə görə, həqiqətən də həmin aktların 3-də heç bir qanunsuz halların aşkarlanmadığı qeydə alınıb. Ancaq bu yoxlamalar ağac qırıntısı və meşə örtüyünün vəziyyəti, sonuncu akt isə torpaqda qazıntı işlərinin aparılması ilə bağlı olub: “Bizim əvvəlki üç yoxlamanın nəticəsinə dair heç bir iddiamız yoxdur. Ancaq yoxlamada torpaqda icazəsiz kanal qazıldığı aşkarlanıb və əsas mübahisə buradan yaranıb”.

“Oğuz Reproduktor Quşçuluq” ASC-yə 94 min manat cərimə kəsilməsinə, Çingiz Nəcəfov deyir ki, bu məhkəmə cəriməni deyil, tərtib olunmuş 4 aktın hansının düzgün olub-olmadığını aydınlaşdıracaq: “Cərimə məsələsi sonranın işidir, burada yüngülləşdirici hallar var. Hər hansı inzibati xəta törədilibsə, orada səmimi peşmançılıq varsa, yaxud da fəsadlar aradan qaldırılırsa, yüngülləşdirici hallar nəzərdən keçirilə bilər. Amma qarşı tərəfin “mən düz eləmişəm, bunun sizə heç bir aidiyyəti yoxdur” deməsi vəziyyəti gərginləşdirir ”.

Elxan SALAHOV
# 679

Oxşar yazılar