Bu dəfə dünya bazarı: Artım qaçılmazdır...
16 avqust 2022 15:27 (UTC +04:00)

Bu dəfə dünya bazarı: Artım qaçılmazdır...

Bu gün taxıl qıtlığı dünyanı narahat edən ən aktual məsələyə çevrilib. Çünki taxılın qıtlığı dünyanı aclığa sürükləyir. Ona görə də BMT səviyyəsində bu məsələ ilə bağlı narahat olunmağa başlanılıb.  Ukraynadakı müharibə, dünyada görünməmiş quraqlıq qıtlığın səbəblərindən biridir. 

Heç kimə sirr deyil ki, dünya bazarında qiymətlərin bahalaşması Azərbaycana da təsirsiz ötüşmür, idxal edilən kənd təsərrüfatı məhsullarının və ərzağın qiymətlərində artım qeydə alınıb. İndiyədək dövlət subsidiya hesabına bunun qarşısını alırdı  amma Ukraynada müharibənin uzanması gec-tez qiymətə təsir etməliydi. Müharibə bütün daşınmaları, logistikanı məhv edib  Belə bir vəziyyətdə Azərbaycanda da digər ölkələrdə olduğu kimi unun bahalaşması qaçılmazdı. Çünki Azərbaycan bazarı da dünya bazarına inteqrasiya olunub, dünya bazarının bir hissəsidir. 

Bəzi malların qiyməti artanda Azərbaycan bazarı da ona reaksiya verməyə məcbur və məhkumdur. Obyektiv amillər var ki, bəzi malların, məhsulların qiyməti qalxa bilər, bu, gözlənilir. Azərbaycan da buna hazır olmalıdır. 

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, dünyada əsas taxıl ixracatçıları Rusiya və Qazaxıstan xaricə satışa limit qoyub. Ukrayna müharibəsi nəticəsində bu ölkənin taxıl ixracında problemlər yaranıb. Azərbaycan da taxılı idxal edir, ona görə artıq digər ölkələrdə olduğu kimi, taxılın, unun qiymətində artım qaçılmaz görünür. İndiyədək dövlət subsidiya hesabına bunun qarşısını alır, amma Ukraynada müharibənin uzanması gec-tez qiymətə təsir edəcək”. 

Eyyub Hüseynov bununla belə, ajiotaja düşməməyə çağırıb: “Dünya bazarı ilə müqayisədə taxıl və unun qiymətində çox kiçik miqdarda bahalaşma ola bilər. Azərbaycan hökuməti lazımi tədbirlər görür ki, böyük bahalaşma olmasın. Ölkədə də kifayət qədər taxıl ehtiyatı var. Lakin Azərbaycan bazarı dünya bazarının bir parçası olduğu üçün ölkədə taxıl məhsullarının, o cümlədən unun qiymətinin qalxması gözlənilir. Camaat ajiotaja düşüb çoxlu taxıl, un ehtiyatı toplamasın. Belə hallar olanda alınan taxıl, un xarab olur və heyvan yeminə çevrilir. Azərbaycanda taxılın, o cümlədən unun qiymətində kiçik qiymət artımı gözlənilir ki, bu da bazarın tələbidir. İstehlakçılar da buna hazır olmalıdır”. 

Hazırkı vəziyyət göstərir ki, dünyada taxılın qiyməti həddindən artıq bahalaşıb. Bir, iki il əvvəlki qiymətlərlə müqayisədə qiymət dəfələrlə qalxıb. Ölkəmiz isə həm qida üçün buğda, həm də heyvan üçün taxıl məhsulları baxımından idxaldan asılıdır. Ona görə də bu, un və un məhsullarına, xüsusən ölkə əhalisinin ən çox istehlak etdiyi çörəyin də qiymətinin artması ilə nəticələnəcək. Bu, qaçılmazdır. Və bu dəfə bahalaşmanı Tarif Şurası yox, dünya bazarı müəyyən edir.
 

# 1116
avatar

Oxşar yazılar