Kredit  faizləri, emal sənayesi və miqrasiya - Regionların inkişafına   nə mane olur?
10 iyul 2026 17:32 (UTC +04:00)

Kredit faizləri, emal sənayesi və miqrasiya - Regionların inkişafına nə mane olur?

0

Regionların sosial-iqtisadi inkişafı uzun illərdir dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilsə də, bölgələrdə sahibkarlığın genişlənməsi, yeni iş yerlərinin yaradılması və iqtisadi fəallığın artırılması hələ də aktual məsələlər sırasındadır. Bəs regionlarda biznes mühitini canlandırmaq üçün hansı stimullara ehtiyac var? Kiçik və orta biznes həqiqətən də bölgə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrilə bilibmi?

İqtisadçı Eldəniz Əmirov Lent.az-a açıqlamasında bildirib ki, regionlarda bizneslərin inkişafı üçün vacib olan istiqamətlərdən birincisi maliyyə əlçatanlığının daha yüksək səviyyədə təmin olunmasıdır:

Eldəniz Əmirov: "Müsbət ticarət saldosu olan ölkə “çörək verən” ölkədir" -  Monetar.az

“Düzdür, banklar tərəfindən kredit təşkili kifayət qədər yüksək olsa da, kredit faizləri çox yuxarıdır. Bunu sadəcə fikir kimi yox, iqtisadi göstəricilərə əsaslanaraq deyirəm. Çünki real sektorun əksər sahələrində bizneslərin xalis rentabelliyi bankların effektiv kredit faizlərindən aşağıdır. Bu reallığı həm qlobal korporativ maliyyə araşdırmları, həm də yerli bazarın xüsusiyyətləri təsdiqləyir.

Məsələn, NYU Stern School of Business və CSI Market-in sektor üzrə analitik təhlillərinə görə, kənd təsərrüfatında xalis rentabellik adətən 4-6%, emal sənayesində 5-10%, tikintidə 6–8%, topdansatış və pərakəndə ticarətdə 2-7%, nəqliyyatda isə 6-8% intervalında dəyişir. (Azərbaycan kimi inkişaf etməkdə olan iqtisadiyyatlarda risk amili və bazar konyunkturası səbəbindən bu göstəricilər müəyyən qədər yüksək olsa da, real sektorun əksər sahələrində gəlirlilik 10-12 %-dən yüksək olmur) Yalnız proqram təminatı, əqli mülkiyyətə əsaslanan texnologiyalar və bəzi yüksək texnologiyalı fəaliyyət sahələrində xalis rentabellik qlobal miqyasda 23-35%-ə qədər yüksələ bilir.

Bu mənzərə regionlarda biznes kreditlərinə tələbin niyə zəif olduğunu da izah edir. Bankların bu istiqamətdə tələbin aşağı olması ilə bağlı arqumentində müəyyən həqiqət payı var. Ancaq məsələyə yalnız tələb tərəfdən yanaşmaq düzgün olmaz. Kredit bazaında tələb təklif olunan maliyyə resursunun qiymətindən də birbaşa asılıdır. Kommersiya banklarının öz vəsaitləri hesabına təklif etdiyi daxili biznes kreditlərinin orta faizinin 13-16%, mikrokreditlərdə isə 18-20%-i keçdiyi bir şəraitdə rentabelliyi 5-10 faiz olan istehsal sahələrinin kredit hesabına maliyyələşdirilməsi əksər hallarda iqtisadi cəhətdən səmərəli olmur. Sahibkar hesablayır ki, biznesinin normal gəlirliliyi maliyyə resursunun real dəyərindən aşağıdır və buna görə də investisiya qərarını ya təxirə salır, ya da ondan tamamilə imtina edir. Deməli, regionlarda biznes kreditlərinə aşağı tələbin səbəbini yalnız sahibkarda deyil, bankların təklif etdiyi maliyyələşmə şərtlərində də axtarmaq lazımdır.

Üstəlik, son dinamika da biznes üçün vəziyyətin yaxşılaşmadığını göstərir. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına görə, yeni verilmiş manat kreditləri üzrə ümumi orta faiz dərəcəsi 2026-cı ilin mayın əvvəlinə 17,92% olduğu halda, iyun əvvəlinə 18,30%-ə yüksəlib. Bu göstərici yalnız biznes deyil, bütün kredit portfelini əhatə etsə də, biznes mühitində maliyyələşmə şərtlərinin yumşalmadığını göstərən mühüm siqnaldır. Hətta fərdi sahibkarlara və kiçik biznesə yönələn mikrokreditləşmədə də bu tendensiya özünü göstərir və cəmi bir ay ərzində borclanma şərtləri daha da ağırlaşır. Halbuki real sektorun inkişafı üçün gözlənti kredit faizlərinin tədricən aşağı düşməsi olmalıdır.

Eyni zamanda, yeni cəlb olunmuş müddətli manat depozitləri üzrə orta faiz dərəcəsi 7,99%-dən 7,96%-ə enib. Yəni depozit faizi azalır, kredit faizi isə artır. Nəticədə kreditlə depozit faizi arasındakı marja daha da genişlənir. Bu isə bank resurslarının real sektor üçün ucuzlaşmadığını, əksinə, maliyyələşmənin daha da bahalaşdığını göstərir.

Bundan ən çox zərər görən isə yeni fəaliyyətə başlayan və ya istehsalını genişləndirmək istəyən sahibkarlardır. Onsuz da bazara yeni daxil olan müəssisələrin girov imkanları məhdud, riskləri isə yüksək qiymətləndirilir. Belə şəraitdə yüksək kredit faizi onların maliyyəyə çıxışını daha da çətinləşdirir və yeni investisiyaların qarşısında ciddi maneəyə çevrilir.

Əlqərəz, iqtisadiyyatın inkişafı üçün əsas məsələ kreditin əlçatan olması deyil, onun iqtisadi cəhətdən səmərəli qiymətlə təqdim edilməsidir. Çünki investisiya qərarını müəyyən edən amil kreditin mövcudluğu deyil, onun qiymətidir”.

İqtisadçı onu da qeyd etdi ki, kənd təsərrüfatı məhsullarının aqrar emal sənayesinə böyükölçülü inteqrasiyasına ehtiyac var:

“Regionların inkişafında, bilavasitə ailə təsərrüfatlarının kiçik biznesə çevirilməsi və daha sonra orta biznes kimi böyüməsi çox önəmlidir. Bunun üçün də kənd təsərrüfatı məhsullarına yönəlik emal sektorunun inkişafına çox böyük ehtiyac var. İlk növbədə bu sektorla bağlı olan sərt tələblərin yumşaldılmasına gərək var. Məsələn, bir ailə təsərrüfatının öz həyətyanı sahəsində yetişən məhsuldan (tutdan) bəhməz hazırlamasına qarşı çox sərt tələblər qoyulur. Bu məsələni ona görə qeyd edirəm ki, adətən regionlardakı kiçik bizneslər məhz ailə təsərrüfatlarından formalaşır. Bunun formalaşması üçün ilk baza ailə təsərrüfatlarının öz daxili potensialıdır. Onlar öz təsərrüfatlarında yetişdirdikləri məhsulu emal etməklə əlavə və ciddi dəyər yarada bilərlər. Digər istiqamət bazarlara çıxış imkanlarıdır. Fermerlərin bazarlara çıxışının daha da asanlaşdırılması üçün kompleks tədbirlərə ehtiyac var. Yəni, bu məsələnin bir neçə istiqamətlə həllini tapması çox çətindir, bu, kompleks yanaşma tələb edir. İnfrastruktur yüksək səviyyədə təmin olunmalıdır, anbar təsərrüfatı inkişaf etdirilməlidir, eyni zamanda topdan satış mərkəzlərinin regionlarda böyük ölçüdə inkişaf etdirilməsinə ehtiyac var”.

İqtisadi inkişafdan bəhs edirik, bəs görəsən, regionlarda kənd təsərrüfatı, turizm və sənaye arasında hansı sahə daha böyük iqtisadi gəlir və məşğulluq yarada bilər?

İqtisadçı-ekspert Asif İbrahimov Lent.az-a açıqlamasında qeyd etdi ki, kənd təsərrüfatı məşğulluq yaratsa da, gəlir baxımından məhdud imkanlara malikdir:

Asif İbrahimov (@asif.ibrahimov.5) • Facebook, Connect with friends

“Regionların inkişafı ilə bağlı müxtəlif dövlət proqramları qəbul olunub. Lakin təəssüf yaradan məsələlərin ən böyüyü dövlət proqramına daxil edilən bəzi sahələrdə lazımi nailiyyətin əldə olunmamasıdır. Hələ də iqtisadi fəallıq baxımından regionlar arasında fərqlər qalmaqdadır. Azərbaycanın iqtisadi xəritəsində Bakı və Abşeron yarımadası, həmçinin onlara bitişik ətraf ərazilərdəki iqtisadi fəallıq digər regionlarda çox cuzi müşahidə olunur. Əsas problem ondan ibarətdir ki, bir çox regionlarda iqtisadiyyat hələ də aşağı əlavə dəyər yaradan sahələrə söykənir.

Regionlarda bağlanan əmək müqavilələrinə baxanda da çoxlarının dövlət idarələrində və dövlətdən maliyyələşən təşkilatlarda çalışdıqlarını görmək olur. Hansısa həyatyanı sahədən əldə olunmuş 40-50 kilo məhsulla sənayeləşmiş kənd təsərrüfatı qurmaq olmaz. Mənim fikrimcə, uzunmüddətli və dayanıqlı inkişaf üçün əsas prioritet emal sənayesinin, aqrar sənaye kompleksinin və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin inkişafı olmalıdır. Əks halda regionlar xammal istehsalçısı olaraq qalacaq və iqtisadi gəlirin böyük hissəsi başqa ərazilərdə formalaşacaq”.

İqtisadçı onu qeyd edib ki, ciddi problemlərdən biri də gənclərin paytaxta miqrasiya etməsidir:

“Gənclərin miqrasiyasının əsas səbəbi təkcə işsizlik deyil, rayonlarda keyfiyyətli və perspektivli iş yerlərinin çatışmazlığıdır. Bir çox ali təhsilli gənclər ixtisaslarına uyğun iş yerləri tapa bilmirlər. Bu isə paytaxta axına gətirib çıxarır. Düşünürəm ki, hal-hazırda dövlət dəstəyi infrastruktur layihələrə yönəlir. Özəl investisiyaların regionlara cəlb edilməsinə, innovasiya-rəqəmsal iqtisadiyyat, startap ekosisteminin və emal sənayesinin inkişafı sahəsinə daha fəal islahatlara ehtiyac duyulur.

Regionlarda rəqabət qabiliyyətli əməkhaqqı təklif edən müəssisələr yaradılmasa, müasir təhsil və səhiyyə xidmətləri verilməsə, rahat yaşayış mühiti formalaşdırıla bilməsə, miqrasiya prosesini yalnız inzibati və sosial tədbirlərlə dayandıra bilməyəcəyik. Regionların inkişafı təkcə binaların və yolların tikintisi, parkların salınması ilə məhdudlaşmır. Orada yaşayan insanların yaşayış standartları yüksəldilməli, keyfiyyətli, rəqəbətyönümlü iş yerləri açılmalı, normal sosial mühit qurulmalıdır ki, gənclər orada yaşayış, çalışa bilsinlər.

Yüksək məhsuldarlığa əsaslanan iqtisadi modelin qurulması ölkəmiz üçün çox əhəmiyyətli olar. Cənab Prezident də çıxışlarında bir çox məsələlərə tənqidi fikirlərini bildirib, görülən işlərlə bağlı narazılığını çatdırıb”.

Yazı Medianın İnkişafı Agentliyinin "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda dərc edilib. 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 544

Oxşar yazılar