Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının mövzusu “Xətai-Cəfər Cabbarlı” stansiyalarında qatar intervalı ilə bağlıdır.
Artıq uzun müddətdir ki, sərinişinlərin əksəriyyəti “Xətai-Cəfər Cabbarlı” qatarındakı intervalın uzun olmasından şikayətçidirlər.
Maraqlıdır, bu interval nə zaman aşağı endiriləcək?
Lent.az-ın sualını Bakı Metropolitenin Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov cavablandırıb.
Onun sözlərinə görə, “Xətai-Cəfər Cabbarlı” stansiyasındakı qatarların arasındakı interval yalnız ikinci qolun təmirindən sonra aşağı endirilə bilər:
“Cəfər Cabbarlı stansiyasının bir tərəfində təmir işləri aparılır. Həmin stansiya sovet dövrünün mürəkkəb zamanına düşdüyü üçün inşaatında müəyyən qüsurlar olub. Ona görə də stansiya sökülərək təzədən yığılır. Bu təmir işləri başa çatdıqdan sonra intervalın aşağı endirilməsi mümkün olacaq”.
B.Məmmədov bildirib ki, təmir işlərinin gələn ilin sonuna yekunlaşması ehtimal edilir:
“Bu il üçün stansiyanın təmir gedən ikinci qolunda “Qaba inşaat” adlanan proses yekunlaşacaq. Gələn il ərzində isə üzlənmə və digər işlər gedəcək. Çox güman ki, gələn ilin 1-ci rübündə təmirin başa çatması ilə bağlı məlumat verəcəyik”.