Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Əhmədzadə Əzəmət və Məmmədov Şərifin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilənlərin son söz çıxışları ilə davam edib. Təqsirləndirilən Şərif Məmmədov ona qarşı irəli sürülən ittihamda özünü qismən təqsirli bildiyini, yazılanların tam həqiqəti əks etdirmədiyini bildirib:
"Mən xəstə adamam, etiraf edirəm ki, nəşə çəkmişəm. Amma mən satıcı deyiləm. Hər şeydən çox mənə təsir edən üç azyaşlı övladımın yüngülləşdirici hal kimi qeydə alınmamasıdır".
Digər təqsirləndirilən Əzəmət Əhmədzadə ortada heç bir mötəbər sübutun olmadığını bildirib:
"Bu hekayədə yanan mən olmuşam. Tək günahım lazımsız vaxtda lazımsız yerdə olmağımdır".
Müşavirədən sonra məhkəmə Ə. Əhmədzadənin 7 il, Ş. Məmmədovun 9 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
Xatırladaq ki, DİN- in yaydığı məlumatda daxil olmuş məlumat əsasında Sabunçu rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə Əzəmət Əhmədzadə və tanışı əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Şərif Məmmədov saxlanılıblar.
Ə.Əhmədzadənin idarə etdiyi nəqliyyat vasitəsindən 23 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.
Şübhəli şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə paytaxt ərazisində gizlədilən yerdən əldə etdiklərini bildiriblər.
Faktla bağlı hər iki təqsirləndirilən barəsində Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 maddələri ilə cinayət işi başlanılıb.
Fərqanə Novruzova