Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ: "Əl-qolunu bağlayıb işgəncə verdik"
08 iyul 2025 15:08 (UTC +04:00)

Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ: "Əl-qolunu bağlayıb işgəncə verdik"

Cinayətkar birlik təşkil edərək dəstənin digər üzvləri ilə birgə 1990-cı illərdə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməkdə təqsirləndirilən Xalid Tağıyevin cinayət işi üzrə  növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Xalid Tağıyev və zərərçəkən Zahid Vəliyevin qardaşı Vəliyev Vahid Hüseynoğlu ifadə verib.

Təqsirləndirilən Xalid Tağıyev bildirib ki, həbs olunmazdan əvvəl Ukraynada yaşayıb və işləyib:

"Həbs olunmazdan əvvəl Ukraynada qardaşım Yusif Tağıyevə məxsus sənədlərlə yaşayırdım. Həm də orada işləyirdim. Azərbaycana qayıdanda da qardaşıma aid sənədlə keçdim". 

Dövlət ittihamçısı təqsirləndirilən şəxsə hadisə ilə bağlı suallar ünvanlayıb - Arifi niyə öldürdünüz? Hadisəni törədərkən neçə nəfə olmusunuz? Arifi nə ilə vurmusunuz? Cəsədi nə etdiniz?

Xalid Tağıyev bildirib ki, hadisə yerində İlham, Elxan, Fuad, bir də özü olub:

"Quldurluq üçün girdiyimiz Məmməd Hacıyevin evinə Arif istiqamətləndirmişdi. Şüşəsi olmayan evə daxil daxil olduq. Məmmədin əlini qolunu bağladıq və ona işgəncələr verdik. Nəticədə o öldü. Yeyib-içməyə getdikdən sonra Arif cinayəti başqasına deyər deyə onu öldürmək istədik. Arif söyüş söydüyü üçün onu döyməyə və başına təpik vurmağa başladıq. Sonra bel ilə Arifə xəsarət yetirdik. Bu zaman ağzından qan gəldi və can verməyə başlamışdı. Qonşu Cavanşirin bağında 2 metr dərinliyində məzar qazaraq Arifi orda basdırdıq. Hadisənin üstü bağlı qaldı. Makar tipli tapança ilə Zahidi öldürdüm".

Zərərçəkmiş Zahid Vəliyevin qardaşı Vəliyev Vahid Hüseyn oğlu ifadəsində bildirib ki, təqsirləndirlən şəxsi əvvəl tanımayıb:

"Hadisə olan vaxt evə çatırdım. Qonşudan mənə zəng gəldi və həmin vaxt qardaşımı xəstəxanaya aparırdılar. Mən xəstəxanaya çatanda artıq o ölmüşdü. Hadisə vaxtı 5 nəfər olublar. Həmin qrupu təşkil Eldar Məmmədov olub. Mən Xalidə ağır cəza verilməsini istəyirəm".

Növbəti proses iyulun 29-na təyin olunub.

Qeyd edək ki, 2025-ci il aprelin 29-da təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 70, 94-cü maddəsinin 1, 6, 7, 8-ci bəndləri, eləcə də hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.

Fidan Fərmanlı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1982

Oxşar yazılar