Bakıda dönər üstündə QƏTL:  kuryer müştərini öldürdü - DETALLAR
19 yanvar 2026 20:15 (UTC +04:00)

Bakıda dönər üstündə QƏTL: kuryer müştərini öldürdü - DETALLAR

0

CİNAYƏT İŞİ

Qısa arayış...

2020-ci il noyabrın 10-da Bakıda qətl hadisəsi olur. 1984-cü il təvəllüdlü Əli Zeynalovun aldığı bıçaq yarasından ölməsi barədə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat verilib. 
 
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Ayın 12-də İmişli rayon sakini 2000-ci il təvəllüdlü Elnur Rəhimli saxlanılıb. Məlum olub ki, o, 2015-ci ildə Kürdəmir rayon məhkəməsinin hökmü ilə CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə 1 il şərti cəzaya məhkum olunub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, noyabrın 10-u saat 16 radələrində kafenin kuryerləri Elnur Rəhimli və Kamil Mirzəyev sifarişləri müştərilərə çatdırıb iş yerinə qayıdırmışlar. Bu zaman onlar Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20, ünvanında əvvəllər tanımadığı Əli Zeynalovla mübahisə ediblər. Ona məxsus “Mercedes” markalı avtomobilin arxa tərəfinə keçib dava edərkən Elnur Rəhimli bıçaqla sol qoltuqaltı nahiyəsinə bir zərbə vuraraq, Əli Zeynalovu öldürüb.


 
İş üzrə dindirilmiş Elnur Rəhimli bildirib ki, hadisədən 2 ay əvvəl işləmək üçün İmişli rayonundan Bakı şəhərinə gəlib. Nizami rayonun Keşlə qəsəbəsində dayısı Şahid Hacıyev və nənəsi Gülnaz Hacıyeva ilə birlikdə yaşamağa başlayıb:

“İslam Abışov küçəsi 16, ünvanında yerləşən “Osmanlı Dönər” restoranında kuryer işləyirdim. Mopedlə sifarişləri müştərilərə çatdırırdım. Noyabrın 20-i saat 16 radələrində iş yoldaşım Kamil Mirzəyevlə birlikdə sifarişləri çatdırıb restorana qayıdarkən Ələsgər Qayıbov küçəsi 20, ünvanında yerləşən köşkdən siqaret almaq üçün dayandıq. Mopeddən düşüb köşkə tərəf getdim. Bu zaman tanımadığım şəxs mopedə oturan Kamilə yaxınlaşıb, üstünə niyə adam gətirdiyini? soruşdu. Buna görə qayıdıb, hər ikisindən nə məsələ olması ilə maraqlandım. Kamil mənə heç nə söyləmədi. Əli Zeynalov maşına oturmasığımı dedi, sonra yaxamdan tutub məni ağ rəngli “Mercedes Sprinter” markalı avtomaşına tərəf dartmağa başladı. Yoldan keçən şəxslər bizi araladılar, bu zaman Əli anamı söydü.

Bundan qəzəblənərək, işlədiyim restorana qaçıb arxa qapıdan mətbəxə daxil oldum və məişət təyinatlı bıçağı götürərək, dərhal geri qayıtdım. Heç kimə fikir vermədən birbaşa Əli Zeynalovun üzərinə getdim və sağ əlimdəki bıçaqla onun döş qəfəsinə güclü zərbə vurdum. Bu zaman hadisənin şahidləri məni tutub kənara çəkdilər, bıçaq əlimdən yerə düşdü. Bundan sonra restoranın qarşısına gələrək, bir az orda dayandım. Kamildən öyrəndim ki, günorta Əli ona dönər gətirməsini deyib. O, sifarişlərinin çox olduğunu bildirəndə, Əli onu söyüb. Bundan sonra iş yerindən götürdüyüm velosipedlə yaşadığım evə gəldim. Axşam polis əməkdaşları tərəfindən orda saxlanılaraq 17-ci şöbəyə aparıldım”.


 
Zərərçəkmiş şəxsin hüquqi varisi Gülsadə Zeynallı ifadəsində göstərib ki, 2010-cu ildə Əli Zeynallı ilə ailə həyatı qurub, nikahdan iki övladları dünyaya gəlib:

“Əli idarə etdiyi avtomaşınla yük daşıma işi ilə məşğul idi. Noyabrın 10-u saat 17 radələrində yoldaşıma zəng edəndə, tanımadığım şəxs mənə Əlini 5 saylı xəstəxanaya apardıqlarını dedi. Bir neçə saatdan sonra onun öldüyünü bildim. Hadisənin hansı şəraitdə baş verməsindən məlumatım yoxdur”.


 
Şahid Kamil Mirzəyev bildirib ki, sifarişlərin çox hissəsi restoranla yaxın məsafədə yerləşən ünvanlara çatdırıblar:

“Noyabrın 10-u saat 15 radələrində sifarişləri götürüb velosipedlə “Baksol yolu” adlanan əraziyə, tikinti materiallarının satışı nöqtəsi tərəfə yollandım. Sifarişləri çatdırıb qayıdarkən restorana 200 metr qalmış, yolun kənarında dayanan ağ rəngli maşının pəncərəsindən Əli Zeynalov əli ilə işarə edərək məndən dayanmağımı xahiş etdi. Ona dönər gətirməyimi dedi.

Əli Zeynalova kuryer olduğum üçün sifariş qəbul edə bilməyəcəyimi, ona restorana zəng edib sifariş etməsini, yalnız bundan sonra sifarişi çatdıracağımı söylədim. Heç bir səbəb olmadan həmin şəxs məni söydü və avtomobilin pəncərəsini bağladı. İş yerinə gələndə Elnur Rəhimlinin sifarişləri çatdırmaq üçün hazırlaşdığını gördüm. Elnur məndən yoldaşlıq üçün birlikdə getməyimi xahiş etdi. Sifarişləri çatdırıb geri qayıdarkən Elnur siqaret almaq üçün mopedi köşkün qarşısında saxladı. Bu zaman kənardan Əli Zeynalov yaxınlaşıb mənə üstünə adam gətirməyimi bildirdi. Sonra hər ikimizdən maşına oturmağımızı tələb etdi”.

Kamilin sözlərinə görə, Elnur yumruq zərbəsi ilə Əlini yerə yıxıb. Hər ikisinin fiziki cəhətdən ondan daha güclü olmasına görə, onları ayıra bilməyəcəyini başa düşüb və buna görə yanlarından keçən iki nəfərdən kömək istəyib:

“Əlinin ağır nalayiq ifadələrindən əsəbləşən iş yoldaşım restorana tərəf qaçdı. Ayıran şəxslər Əliyə Elnurun uşaq olduğunu və onunla işi olmamasını dedilər. Bu vaxt Elnurun qaçaraq, hadisə yerinə gəldiyini və arxasınca digər iş yoldaşlarımın qaçmasını gördüm. Elnurun zərbə vurduğu anı görmədim. Əlinin bədənindən sürətlə axan qanı görəndə, halım pisləşdi və qorxduğum üçün ora yaxınlaşmadan, restorana tərəf getdim”.
 
Şahid Asim Ağaverdiyev ifadəsində göstərib ki, noyabrın 10-da mağaza ilə üzbəüz yolun əks tərəfində insanların toplaşdığını görüb həmin yerə qaçıb:

“İş yoldaşım Əlinin sinəsindən təzyiqlə qan axdığını və yerdə mətbəx bıçağını gördüm. Elnur adlı sürücü təcili tibbi yardıma zəng edərək məlumat verdi. Yollarda tıxac olduğundan tibbi briqadanın gec gələcəyini düşünüb Əlini özümün idarə etdiyim avtomobillə xəstəxanaya apardıq. Yolda Əli nəfəsi çatmadığını dedi. Maşından düşürüb əməliyyat otağına aparanda o, artıq keçinmişdi”.
 
Məhkəmə iclasında Elnur Rəhimli ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.


 
Məhkəmə hesab edib ki, Elnur Rəhimlinin əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif edilib. O, həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Rəhimli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Elnur Rəhimli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 844

Oxşar yazılar