Bakıda kafenin qarşısında DƏHŞƏTLİ QƏTL:  "moyka" biznesi ölümlə BİTDİ
09 dekabr 2025 20:15 (UTC +04:00)

Bakıda kafenin qarşısında DƏHŞƏTLİ QƏTL: "moyka" biznesi ölümlə BİTDİ

0

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il dekabrın 27-də Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi olur. Daxil olan məlumat əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə yollanır. Məlum olur ki, cinayət Mirzə Uluqbəy küçəsi, 125 ünvanında baş verib. Bıçaqlanan şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Həmin xəstəxanaya yollanan polis əməkdaşlarına 1990-cı il təvəllüdlü Etibar Əliyevin öldüyü deyilib. Orada cinayəti törədən 1975-ci il təvəllüdlü Elşən Nəbiyev saxlanılıb. Onun tanışı Vüsalə Həsənov könüllü şəkildə polis əməkdaşlarına hadisə yerindən götürdüyü bıçağı təqdim edib.
 
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, dekabrın 27-i gecə saat 2 radələrində icarə əsasında işlətdiyi kafedə Elşən Nəbiyev tanışı Vüsalə Həsənova ilə yeyib-içərkən, başqa masada əyləşən Etibar Əliyev onlara yaxınlaşarıb. Etibar əvvəllər aralarında olmuş narazılığı Elşənə xatırladıb. Sonra o, Elşənə ağır söyüşlər işlətdiyi üçün aralarında mübahisə yaranıb. Onlar kafedən çıxaraq, yaxınlıqda yerləşən avtomobil yuma məntəqələrinin qarşısına gəliblər. Burada Elşən Nəbiyev yumruq və təpik zərbələri ilə Etibarı döyərək, üzərindəki məişət təyinatlı bıçaqla qarın nahiyəsinə 1 dəfə zərbə endirib. Etibar Əliyev aldığı xəsarətlərdən ölüb.


 
İş üzrə dindirilmiş Elşən Nəbiyev bildirib ki, Etibar Əliyevlə 10 il əvvəl tanış olub, yaşadığı Habil Mirzəyev küçəsində qonşu olublar:

“2 il əvvəl Nərimanov rayonu ərazisində fəaliyyəti dayanmış avtoyuma məntəqəsini icarəyə götürüb işlətmək fikrinə düşmüşdüm. Həmin məntəqəni əvvəllər Etibar işlədirdi. Belə ki, obyektin sahibi ilə qonşumun arasında icarə haqqı ilə əlaqədar problemlər yaranmışdı. Görüşəndə, oranın sahibi bildirib ki, Etibar həqiqətən obyekti təhvil verib və mən istədiyim vaxt məntəqəni icarəyə götürə bilərəm. Etibarla qonşu kimi tanışlığım, həmçinin avtomobilimi daim yuduzdurduğunu nəzərə alıb ondan obyektə dair halallıq almaq istəyirdim. Məhəllədə rastlaşıb bu barədə söhbət etdikdə, Etibar sözlərimə mənfi reaksiya verdi və obyekti yenidən icarəyə götürmək niyyətində olduğunu söylədi. 

Mənə kəskin şəkildə halallıq verməyəcəyini bildirdi. Etibarın bu cür reaksiyasını görüb məntəqəni götürmək niyyətindən daşındım. Konflikt yaranmasını istəmədim. Bundan sonra aramızda hər hansı mübahisə olmayıb. Bir müddətdən sonra obyektin kənar şəxs tərəfindən işlədildiyini gördüm. 2023-cü ilin sentyabr ayından Etibar müştəri kimi tez-tez mənim işlətdiyim “Mystery" kafeyə gəlib-gedirdi. Rastlaşdığımız vaxtlarda normal qaydada qonşu kimi salamlaşırdıq. Demək olar ki, son 4-5 gün ərzində Etibar hər axşam tək gəlib yeyib-içirdi. Ara-sıra hesabı tam bağlayırdı, borclu qalanda, məhəllə sakini olduğu üçün etiraz bildirmirdim”.

Dekabrın 27-i gecə saat 1 radələrində kafenin qarşısında dayanıb, siqaret çəkərkən Etibar gəlib Elşənlə salamlaşıb və içəri daxil olub. Bundan bir neçə dəqiqə sonra yaxınlıqda fəaliyyət göstərən “Dvorik” kafesində ofisiant işləyən 1987-ci il təvəllüdlü Vüsalə Həsənova obyektə gəldi:

“Vüsalə tanışlarına özünü “Milana” və ya “Mila” kimi təqdim edirdi. Mən də içəri keçib Milana ilə birlikdə əyləşdim. Qadınla yarım litrlik arağı içəndən sonra bir qədər sərxoş oldum. Buna görə də Vüsaləyə artıq gec olduğunu və getməyimizi söylədim. Yerimdən qalxıb pivə içən Etibara yaxınlaşdım və artıq obyekti bağlamaq istədiyimi dedim. Tanışım isə heç bir səbəb olmadan moykanı Çermet uşaqlarından kimsə götürsə, onun arvadını, qızını… deyə nalayiq ifadə işlətdi. Etibarın bu cür ifadə işlətməsindən təəccübləndim, çünki aramızdakı avtoyuma məntəqəsinin söhbəti çoxdan bağlanmışdı. Etibarı yola vermək üçün əlindən gələni etdim, o isə məndən savayı, yanımdakı qadını da söydü. Bundan sonra deyinə-deyinə masadan qalxıb çölə çıxdı. Xatırladığım qədər Etibar hesabı ödəmədi.

Sonra Əlizamin adlı ofisianta kafeni bağlamasını tapşırdım, Mila isə özünə taksi sifariş etdi. Kafenin qarşısına çıxanda gördüm ki, Etibar küçədə dayanıb məni gözləyir. Çıxıb getməsini, sonra başqa yerdə söhbət etməyi təklif edəndə, Etibar avtoyuma məntəqəsinə tərəf getməyimi təklif etdi. Həmin vaxt Vüsalə mənə səbrli olub Etibarı yola verməyimi dedi və taksiyə əyləşərək, çıxıb getdi. Etibarın ağır söyüşlər işlətdiyini görüb onu yaxasından tutub silkələdim və çıxıb sakitcə getməsini tələb etdim. Süpürləşərkən hər iki əlimlə onun bıçaq olan sağ əlini tutub burdum. Belə olan vəziyyətdə bıçağın Etibarın qarın nahiyəsinə batmasını hiss etdim. Bu an Etibar dayanaraq, artıq müqavimət göstərmədi, sanki əlləri boşaldı. Bıçağı Etibarın əlindən alıb, binanın blokuna tərəf atdım. Etibar məndən aralanaraq, arxaya getdi və paltarını qaldırıb qarnına baxdı.

Bir neçə addım atdıqdan sonra, üzü üstə yerə yıxıldı. Yaxınlaşıb gödəkçəmi çıxarıb onun başının altına qoydum. Etibarı ayıltmağa çalışdım. Vüsaləyə, həmçinin qonşum Kənan Zeynalova zəng edib tez yanıma gəlmələrini xahiş etdim. Köməkləşib, taksi ilə yaralını Kliniki Tibbi Mərkəzə apardıq”.

Xəstəxanaya çatdırılarkən həkimlər müayinə edib Etibarda beyin reflekslərinin olmadığını və artıq öldüyünü söylədilər. Elşən Nəbiyev təxminən gecə saat 3-də xəstəxanaya gələn polis əməkdaşlarına səmimi olaraq hadisənin necə baş verdiyini danışıb.
 
Şahid Sahib Nəsirov ifadəsində göstərib ki, onu hadisə yerinə Kənan Zeynalov çağırıb:

“Uluqbəy küçəsinə çatanda, Etibarın yerə yıxılıb hərəkətsiz vəziyyətdə qaldığını gördüm. Etibarı Elşən və Kənanla birlikdə qaldırıb maşına yerləşdirdik. Vüsalə Həsənova mənə sonradan dedi ki, hadisə yerindən götürdüyü bıçağı avtomobilimə qoyub. Başım yaralıya qarışdığı üçün bu haqda məlumatım olmadı”.


 
Məhkəmə iclasında Elşən Nəbiyev elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadə verməkdən imtina edib və ümumiyyətlə Etibar Əliyevi öldürmədiyini bildirib.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Yusif Əliyev ifadəsində göstərib ki, dekabrın 27-i səhər saat 5 radələrində ona oğlu Etibarın Kliniki Tibbi Mərkəzdə öldüyünü xəbər veriblər. Hadisə barədə ətraflı məlumatl yoxdur. O, məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.


 
Məhkəmə hesab edib ki, Elşən Nəbiyevin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam subuta yetirilib. Nəbiyevə, həmin maddənin sanksiyası həddində, qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Nəbiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 770

Oxşar yazılar