Bakıda kişi ona ev verən qocanı BELƏ ÖLDÜRDÜ: çirkli paltarlara görə...
21 iyul 2025 20:15 (UTC +04:00)

Bakıda kişi ona ev verən qocanı BELƏ ÖLDÜRDÜ: çirkli paltarlara görə...

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il iyulun 20-də Bakının Nizami rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları əraziyə yollanır. Məlum olur ki, hadisə Əlif Hacıyev küçəsi, 35 ünvanında yerləşən fərdi evdə baş verib. Otağın girişində arxası üstə uzanılı vəziyyətdə, üzündə və boğazında bıçaq xəsarətləri ilə 1949-cu il təvəllüdlü Tahir Əliyevin meyiti aşkar edilib. Cinayəti törədən 1965-ci il təvəllüdlü Zahid İsayev saxlanılıb.
 
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Zahid İsayev məişət işləri görməsi müqabilində iyul ayının əvvəllərindən Tahir Əliyevə məxsus evdə kirayədə yaşayıb. Təmizlik işlərinin yaxşı görülməməsi ilə əlaqədar ev sahibi mütəmadi iradlar bildirib, onu təhqir edib. İyulun 20-i gecə saat 1 radələrində Tahir Əliyev paltarların çirkli olmasına görə dizi ilə Zahidin qarnına zərbə vuranda aralarında dava başlayıb. Zahid İsayev masanın üzərindən məişət təyinatlı bıçağı götürüb Tahir Əliyevin üzünə, boynuna və boğazına çoxsaylı zərbələr endirib. Nəticədə zərərçəkən ölüb.


 
Zahid İsayev Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011 -ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla törədildikdə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il tarixli əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilib.
 
İstintaq eksperimanti zamanı saxlanılan şəxs cinayət əməlini etiraf edərək, cinayəti hansı şəraitdə törətdiyni əyani şəkildə hadisə yerindən göstərib.


 
Məhkəmə iclasında Zahid İsayev bildirib ki, kirayə qalmaq üçün ev axtarıb. Tahir Əliyevlə hadisədən təxminən 15 gün əvvəl tanış olub:

“Həmin şəxs onun evində qala biləcəyimi dedi və razılaşdım. Tahirə məxsus 2 mərtəbəli evdə 3 ailə kirayədə qalırdı. Kirayə qalmağım müqabilində təmizlik işləri görürdüm. Onun paltarlarını yuyub, yemək bişirirdim. Tahirin ölkədən çıxışına stop qoyulmuşdu. Buna görə də o, dövlət atributlarına qarşı nalayiq ifadələr işlədirdi. Bununla əlaqədar aramızda tez-tez mübahisə yaranırdı. Hadisə günü Tahir məni boğmağa başlayanda, əlindən çıxmaq üçün ona bıçaqla zərbələr vurdum. Xəsarətlərin çox olmasına səbəb, ev sahibinin məni buraxmaması idi. Hadisəyə kiminsə şahid olub-olmadığını xatırlamıram”.


 
Zərəçəkmiş şəxsin hüquqi varisi Eduard Əliyev ifadəsində göstərib ki, anası Valentina Lyapina və atası Tahir Əliyev faktiki olaraq ayrılıblar. O, Rusiyadan Azərbaycana qayıtdıqdan sonra atasına məxsus 2 mərtəbəli evdə yaşamağa başlayıb:

“Amma bir müddətdən sonra aramızda mübahisələr yarandığı üçün oradan çıxdım və yaxınlıqda başqa evdə yaşadım. Mübahisələrə atamın deyingən olması, məni başa düşməməsi və hər xırda şeyə görə dalaşması səbəb olurdu.

İyulun 20-nə keçən gecə atamın evindən qışqırıq səslərini eşidib ora getdim. Otağın girişində atamın yıxılıb hərəkətsiz qaldığını gördüm. Rəşad adlı şəxs Tahirin Zahid İsayev tərəfindən bıçaqlandığını bildirdi. Təcili yardımın həkimi atamı müayinə edib onun artıq öldüyünü dedi”.


 
Şahid Yaşar Səmədov bildirib ki, 2023-cü ilin may ayından Tahir Əliyevə məxsus evdə, otaqlardan birində kirayədə qalıb:

“İyulun 20-nə keçən gecə Elnur adlı əmim oğlu ilə evə gələndə, Tahirlə Zahidin mübahisə etdiklərini gördüm. Hər ikisi ayaqüstə, üzbəüz dayanmışdılar. Zahidin Tahirə bıçaq zərbələri vurduğunu gördüm. Dərhal yaxınlaşıb Zahidin əlindən bıçağı alıb yerə atdım və əmim oğlunu yanıma çağırdım. Elnura qapını saxlamasını deyib Tahiri çölə çıxardım. Qonşuları səsləyib polisə və Təcili Tibbi yardıma məlumat verdik”.

Şahid əlavə edib ki, Zahid Tahirdən fiziki cəhətdən güclü olub. Tahir Zahidi evə gətirəndə, onlara onu öz qardaşı kimi təqdim edib. Ev sahibinin əvvəllər Zahidi təhqir etdiyini görməyib.
 
Dövlət ittihamçısı təqsirləndirilən şəxsə 20 il cəza təyin edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi Zahid İsayevə qanuna müvafiq cəza verilməsini xahiş edib.
 
Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən Zahid İsayevin əməli Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə düzgün tövsif edilib. O həmin maddənin sanksiyası həddində təqrsirli bilinməli və cəzalandırılmalıdır.


 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zahid İsayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814

Oxşar yazılar