Bakıda şəhidin abidəsini silənin başını kəsdi: Cani niyə həbs edilmədi?  - TƏFƏRRÜAT
16 may 2022 17:22 (UTC +04:00)

Bakıda şəhidin abidəsini silənin başını kəsdi: Cani niyə həbs edilmədi? - TƏFƏRRÜAT

CİNAYƏT İŞİ

Qısa arayış…

2021-ci il fevral ayının 11-də Bakının Xəzər rayonu, Binə qəsəbəsi Xaqani Aslanov küçəsində başı kəsilmiş kişi meyitinin aşkarlanması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Dərhal hadisə yerinə çıxan hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirir, iş üçün əhəmiyyət kəsb edən sübutları götürür və müvafiq ekspertizalar təyin edilir. 
 
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini Canpolad Məmmədov olması müəyyənləşir. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, 1978-ci il təvəllüdlü Heydər İbrahimov saxlanılır. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.

Hadisənin baş verdiyi ərazi

Lent.az Bakıda baş verən dəhşətli qətlin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Heydər İbrahimov “Şizofreniya paranoid” xəstəliyindən əziyyət çəkib. O, xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə fevralın 11-i saat 15 radələrində Binə qəsəbəsində 1-ci Qarabağ müharibəsi şəhidləri adına salınmış abidənin tozunu silən Canpolad Məmmədova etirazını bildirərək, onun əksinə abidəni çirkləndirib, şəhidlərin ruhuna hörmətsizlik etdiyini irad tutub. C. Məmmədov isə onun sözlərinə məhəl qoymayıb, “işinlə məşğul olmasını” söyləyib. H. İbrahimov bunu bəhanə edərək, onunla əlbəyaxa olub. Bıçaqla Canpolad Məmmədovun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 14 zərbə endirərək və başını kəsərək onu öldürüb. 

Təqsirləndirilən şəxs qismində dindirilmiş Heydər İbrahimov bildirib ki, hərbi xidmətdən qayıtdıqdan sonra mərhum atası onu ruhi xəstəxanaya yerləşdirib, çünki o, şizofreniya xəstəliyindən əziyyət çəkib. Həmin vaxtdan mütəmadi olaraq 1 saylı Respublika Psixiatriya xəstəxanasında müalicədə alıb:

Heydər İbrahimov

“Axırıncı dəfə 2020-ci ilin yaz aylarında qardaşım Məcid İbrahimov məni yenə ruhi xəstəxanaya yerləşdirdi. Xəstəxanada olduğum aylar yanıma heç kim gəlmirdi. Yayda xəstəxanadan çıxdıqdan sonra yenə özümü pis hiss etdim. Dəfələrlə xəstəxanaya gedib, orada qalmaq istədiyimi bildirsəm də qəbul etmədilər. Eyni zamanda, 26 saylı şəhər xəstəxanasında qeydiyyatdayam. 2021-ci il fevralın 11-də səhər saatlarından başlayaraq Binə qəsəbəsində yerləşən evimin yaxınlığında göyərti satırdım. Bir müddətdən sonra üzdən tanıdığım, ancaq adını bilmədiyim şəxs ora gələrək, şəhidlərin abidəsini silməyə başladı. Amma fikrimcə, o, təmizləmək əvəzinə, əksinə abidəni çirkləndirirdi. Onun hərəkətini şəhidlərin xatirəsinə hörmətsizlik kimi qəbul edib ərazidən uzaqlaşmasını tələb etdim. O da cavab olaraq yaxşı etdiyini və heç yerə getməyəcəyini dedi. Bu zaman aramızda mübahisə yarandı. Yumruq və ayaqla zərbələr vurandan sonra, həmin şəxs oradan uzaqlaşmağa başladı. Göyərti təmizləmək üçün istifadə etdiyim bıçağı götürüb, arxasınca qaçdım. Çatan kimi onun bədəninə xəsarətlər yetirdim. Neçə bıçaq zərbəsi vurduğumu dəqiq xatırlamıram. Yadımdadır ki, o, bir az tərpəndiyinə görə, hirsim soyumadı. Bıçaqla başını kəsib, kənara atdım. Hadisəni törədəndə özümü idarə edə bilmirdim. Polis bölməsində olanda bildim ki, öldürdüyüm şəxsin adı Canpoladdır”.

İstintaq fotosu
 
Heydər İbrahimovun qanuni nümayəndəsi qismində dindirilmiş Məcid İbrahimov ifadəsində göstərib ki, qardaşı Heydər hər il psixiatriya xəstəxanasında stasionar müalicə alıb. Vəziyyəti yaxşılaşdığı halda evə buraxılıb: 

“Anam 1999-cu ildə dünyasını dəyişəndən sonra Heydərdə davranış pozuntuları başladı. Hərbi xidmətdən sonra vəziyyəti daha da pisləşdi. Həmin anlar onu idarə etmək mümkün olmurdu, evdəki bütün əşyaları dağıdıb sındırırdı. 2005-ci ildə Heydər Nazxanım adlı qadınla rəsmi ailə həyatı qurdu və bu nikahdan iki övladları dünyaya gəldi. Evləndikdən sonra Heydər ailəsi ilə Binə qəsəbəsində yaşayırdı. Evli olduğu müddətdə də qardaşımın psixi pozuntuları kəskinləşdi, bu səbəbdən onu dəfələrlə xəstəxanaya yerləşdirmişik. 2015-ci ildə atam vəfat edəndən sonra, Heydərə mən nəzarət edirdim. 2016-cı ildə Heydər arvadı ilə boşandı. Mən ümumiyyətlə qardaşımın xəstəxanadan çıxmasını istəmirdim, amma həkimlər vəziyyəti yaxşılaşan kimi onu evə buraxdılar. 2020-ci ilin iyun ayında Heydərin vəziyyəti yenə kəskinləşdiyindən məcbur qalıb 3-cü Polis Bölməsinə məlumat verdim və polislərin köməkliyi ilə çətinliklə qardaşımı xəstəxanaya yerləşdirdik. 2 ay müalicədən sonra, avqust ayında o, yenidən evə buraxıldı. Adətən Heydər yeməyini bizdə yeyib, yatmağa öz evinə gedirdi. Özünü sakit aparırdı. Qardaşım yaşadığı ərazidə, mağazanın yanında göyərti satırdı. Fevralın 11-də günorta tanışım Elşən Əhmədov mənə zəng vuraraq, Heydərin adam öldürdüyünü dedi. Dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdim və Xəzər rayon prokurorluğuna getdim. Heydər artıq saxlanılmışdı. Qardaşımın qətlə yetirdiyi adamı tanımıram”.

İstintaq fotosu
 
Zərərçəkmiş şəxsin hüquqi varisi qismində Güləndam Kazımova ifadəsində göstərib ki, həyat yoldaşı Canpolad Məmmədov fəhləlik edərək ailəsini dolandırıb. Xasiyyətcə sakit, mülayim insan olub, heç kimlə ədavəti olmayıb:

“2021-ci il fevralın 11-də polis əməkdaşı zəng vuraraq, ərimin halının pisləşdiyini və Binə qəsəbəsinə gəlməyimi istədilər. Yolda olarkən bölmədən zəng edən digər əməkdaşlar Canpoladın öldürüldüyünü bildirdilər. Patoloji Anatomiya şöbəsinə gedərək, ərimin meyitini təhvil aldım. Hadisənin hansı səbəbdən baş verdiyini bilmirəm”.

Canpolad Məmmədovun meyiti
 
Şahid qismində dindirilmiş Salah Tağıyev isə bildirib ki, məhəllə sakini kimi tanıdığı Heydər İbrahimov Binə qəsəbəsində işlətdiyi mağazanın yanında göyərti satıb. Qəsəbə sakini kimi tanıdığı Canpolad Məmmədov hər dəfə oradan keçəndə abidəni silib, təmizləyib:

“Fevralın 11-də səhərdən mağazada alver edirdim. Obyektin fasadı şüşəli olduğu üçün Canpoladın saat 15 radələrində yenə abidəni sildiyini gördüm. Bu zaman Heydər yaxınlaşıb, onunla mübahisə etməyə başladı. Nə danışdıqlarını tam eşitmədim. Heydər Canpolada şillə, ardınca təpiklə zərbələr vurdu, hər ikisi yerə yıxıldı. Yanımda olan azyaşlı bacım qorxduğu üçün onu götürüb, tələsik evə apardım. Uşağı evə qoyub, qayıdanda Heydərin əlində qana bulaşmış bıçaqla göyərti satdığı yerə qayıtdığını gördüm”.

Cinayət işinin sənədi
 
Şahid Elşən Əhmədov ifadəsində göstərib ki, Heydər İbrahimovun bacısının həyətində hamamı təmir edib. Elə həmin vaxtdan Heydəri tanıyıb: 

“Fevralın 11-i saat 15 radələrində nahardan iş yerimə qayıdarkən mağazamın yanında Heydərin göyərti satdığını gördüm. Ona yaxınlaşıb, hal-əhvalını soruşdum, 1-2 dəqiqə zarafatlaşdıqdan sonra təmir etdiyim evə keçdim. 20 dəqiqədən sonra səs-küy eşidib, çölə çıxanda Heydərin Canpoladla mübahisə etdiyini gördüm. Buna məhəl qoymayaraq, həyətə qayıdıb işimi görməkdə davam etdim. Daha 5-6 dəqiqə keçməsinə baxmayaraq, küçədən yenə mübahisə edənlərin səsi eşidilirdi. Növbəti dəfə çölə çıxanda Heydərin əlində bıçaqla sakitcə ərazidən uzaqlaşdığını, Canpoladın isə yerdə hərəkətsiz vəziyyətdə uzandığını gördüm. Heydərdən heç nə soruşmadım, Canpoladın yanına yaxınlaşdıqda, başının tamamilə bədənindən ayrı yerdə olduğunu, ətrafın isə qana bulaşdığını gördüm. Qonşuluqda yaşayan bir nəfər mələfə gətirdikdən sonra meyitin üstünü örtdüm. Bir müddətdən sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəldi”.

Canpolad Məmmədovun meyiti
 
Təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, Heydər İbrahimovun əməli Cinayət Məcəlləsinin 21-ci (anlaqsızlıq) maddəsinin təsiri altına düşüb.

Məhkəmə Heydər İbrahimovun Cinayət Məcəlləsinin 120.2.2-ci və 2.4-cü (xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək nəticəyə gəlib ki, o, qeyd olunan maddələrlə cinayət məsuliyyətindən azad olunmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən Heydər İbrahimov cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən və cəzadan azad edilib. 

Barəsində tibbi xarakterli məcburi tədbirlər təyin olunub.

Şəhidin abidəsini silənin başını kəsdilər

# 16410
avatar

Mehman Nəbiyev

Oxşar yazılar