Coca-Cola şüşəsinin  qeyri-adi formasının   sirri açıldı - 100 illik tarix
19 noyabr 2026 16:21 (UTC +04:00)

Coca-Cola şüşəsinin qeyri-adi formasının sirri açıldı - 100 illik tarix

0

Dünyanın ən məşhur içkilərindən biri olan Coca-Cola-nın şüşəsinin niyə məhz bu formada hazırlandığı məlum olub. Sən demə, şirkətin məşhur şüşə dizaynı təsadüfən yaranmayıb. Onun arxasında həm rəqiblərdən fərqlənmək istəyi, həm də maraqlı bir tarix dayanır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Coca-Cola-nın bütün dünyada tanınan, ortası incə, aşağı və yuxarı hissələri geniş olan şüşə qablaşdırması 1915-ci ildə xüsusi sifariş əsasında hazırlanıb.

Həmin dövrdə şirkət şüşə istehsalçılarının qarşısına qeyri-adi tələb qoyub. Elə bir şüşə hazırlanmalı idi ki, insanlar onu tam qaranlıqda, gözləri bağlı halda əlləri ilə toxunaraq, hətta yerə düşmüş qırıntılarından belə tanıya bilsinlər.

Rəqiblərdən qorunmaq üçün müsabiqə keçirildi

Coca-Cola-nın məşhur şüşəsinin yaradılması üçün müsabiqə içkinin 1886-cı ildə ixtira edilməsindən 29 il sonra təşkil olunub.

O dövrdə bazarda Coca-Cola-nı təqlid edən çoxsaylı içkilər satılırdı. Şirkət məhsulunu saxta və oxşar məhsullardan fərqləndirmək üçün xüsusi qablaşdırmaya ehtiyac duyurdu.

Müsabiqənin qalibi ABŞ-ın İndiana ştatında fəaliyyət göstərən Root Glass Company adlı şüşə istehsalçısı olub.

Coca-Cola-nın arxiv direktoru Sara Raysın sözlərinə görə, məşhur şüşənin ilk eskizi olduqca sadə şəkildə, zərfin arxa tərəfində çəkilib.

Bu gün həmin eskiz şirkətin arxivində qorunur və dünyanın ən qiymətli əqli mülkiyyət nümunələrindən biri hesab olunur.

Coca-Cola öz müsabiqəsinin qalibindən dizaynı satın almalı oldu

Məşhur şüşənin istehsalına başlanılması zamanı maraqlı hüquqi problem ortaya çıxıb.

Məlum olub ki, Root Glass Company şirkətinin mühəndisləri hazırladıqları şüşə dizaynını müsabiqəyə təqdim etməzdən əvvəl patentləşdiriblər.

Nəticədə Coca-Cola özünün təşkil etdiyi müsabiqədə qalib gələn dizayndan istifadə etmək üçün ayrıca danışıqlar aparmalı və onun hüquqlarını satın almalı olub.

Lakin çətinlik bununla bitməyib. Şüşənin ilkin variantının orta hissəsi həddindən artıq qabarıq olduğundan həmin dövrün istehsal xətlərinə uyğun gəlməyib.

Bu səbəbdən dizaynda müəyyən dəyişikliklər edilib. Şüşənin orta hissəsi bir qədər daraldılıb və ona bu gün hamının tanıdığı zərif forma verilib.

Məşhur şüşənin Milad bayramı ilə əlaqəsi

Coca-Cola şirkətində bu məşhur qablaşdırmanı bəzən «Milad şüşəsi» də adlandırırlar.

Sara Raysın sözlərinə görə, həmin dizayn şirkətin özünə verdiyi əsl hədiyyəyə çevrilib.

Coca-Cola-nın Milad kampaniyalarının rəhbəri Kris Hansaker bildirib ki, noyabr və dekabr ayları şirkətin satışlarının ən yüksək həddə çatdığı dövrdür.

Məhz buna görə də Coca-Cola-nın məşhur şüşəsi bir əsrdən artıqdır ki, bayram reklamlarında xüsusi yer tutur.

Şirkət Yeni il və Milad reklamlarında insanları bir araya gətirmək, müsbət emosiyalar və səmimiyyət kimi mövzulara üstünlük verir.

Beləliklə, 1915-ci ildə saxta məhsullardan qorunmaq məqsədilə yaradılan şüşə dizaynı zamanla Coca-Cola-nın ən tanınan simvollarından birinə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar