“Bıçağı boğazına dirəyib ki, məni gizlət” – Qonşusunu öldürənin MƏHKƏMƏSİ
12 noyabr 2025 13:24 (UTC +04:00)

“Bıçağı boğazına dirəyib ki, məni gizlət” – Qonşusunu öldürənin MƏHKƏMƏSİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Rzayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, ilk olaraq təqsirləndirilən E. Rzayevin ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə səsləndirilib. E. Rzayev bıçağın özündə olmasından başqa deyilənlərin doğru olduğunu təsdiq edib.

Zərərçəkənin hüquqi varisi Quliyeva Rəfaqət hadisə baş verən gün oğlunun evdə olduğunu dedi:

"Mən səsə həyətə çıxanda  eşitdim ki, uşaq Təcili yardım çağırın deyə qışqırır. Barışıqdan söhbət belə gedə bilməz, ona ən ağır cəza verilməsini istəyirəm".

Şahid Humay Quliyeva həmin gün qardaşı ilə evdə olduğunu dedi:

"Mən uşağı qardaşımla qoyub çörək almağa getdim. Qayıdanda həyətdən qışqırıq səsi eşitdim".

Şahid Hüseynov Elton hadisə ilə bağlı əlaqəsi olmadığını bildirdi:

"Mən onun işlətdiyi avtomobilin icarədarıyam. Ödəmə vaxtı çatdığından zəng edib pulu  ödəməsini istədim. Dedi ki, dostumla cərimə ilə bağlı problemim var, gecikmə ona görədir. Dedim əgər yaxın günlərdə ödəmə olmasa, mən sənin cəriməni də ödəyib maşını geri alacam".

Şahid Xanım Sadıqova həmin gün yoldaşının içkili vəziyyətdə gəldiyini deyib:

"Sonra ona bir zəng  gəldi geyinib evdən çıxdı. Qayıdanda üst-başı qan içində idi".

Şahid Sadıqov Arif bayram üçün rayondan kürəkənigilə gəldiyini bildirib:

"Heç bir saat deyildi gəldiyim, həyətdən bərk səs-küy eşitdim. Elşən gəldi üstü qan içində, nə olduğunu soruşdum. Dedi ki, polisə təslim olmağa gedirəm".

Zərərçəkənin ailə üzvləri isə ona etiraz etdilər: "Vicdanın olsun, niyə yalan danışırsan? Niyə demirsən ki, gəlib bıçağı boğazına dirəyib ki, məni gizlət".

Şahid Natiq Sultanov təqsirləndirilən şəxsin qonşusu olduğunu bildirib:

"Mən həyətə düşdüm ki, gedib siqaret alım. Bəyişlə rastlaşdım, əlində çörək vardı, salamlaşıb keçdim. Gördüm Elşən də dostu ilə məhəllədə dayanıb. Qayıdanda gördüm aləm qarışıb, Elşən və Bəyiş dalaşırlar. Elşən cibindən bıçaq çıxarıb ona 3-4 zərbə endirdi".

Şahid Rövşən Əmirxanlı həmin gün məhəllədə olduğunu, davanı görməsə də Bəyişi avtomobilə aparmağa kömək etdiyini dedi.

Məhkəmə növbəti prosesi 21 noyabr 11:45-ə təyin etdiyini elan etdi.

Xatırladaq ki, hadisə 2024-cü ilin dekabrında Bakının Yasamal rayonunun ərazisində qeydə alınıb. Paytaxt sakini Bəyiş Quliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb.Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu Elşən Rzayev saxlanilaraq istintaqa cəlb olunub. Onun barəsində CM-nin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Fərqanə Novruzova

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar