Rüşvət almaqda, dələduzluq və digər ağır cinayətlərdə ittiham olunan Eyvaz Orucalı oğlu Niftalıyev və Ramis Mürsəl oğlu Hümmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.
Təqsirləndirilən Ramis Hümmətov məhkəmədəki ifadəsində bildirib ki, onun bu işlə heç bir əlaqəsi yoxdur. “Mənim öz şəxsi işlərim və problemlərim kifayət qədərdir. Səhərlər uşaqları məktəbə aparıram, ev alqı-satqısı ilə məşğul olmamışam” – deyə o, bildirib.
Təqsirləndirilən Niftaliyev Eyvaz da ifadə verib. Eyvaz ifadəsində bildirib ki, "Tiktokda canlı açıb, məlumat verirdim .Mənim pula ehtiyacım var idi. Amma alınmadı, mənim məqsədim ancaq kredit götürmək idi. Ramis məni aldatdı. Kredit vermədi. Batmışdım. Onun vədinə inanıb Bakıya gəldim. İnsanları aldatdım. Mən elə bilirdim ağ günə çıxacağam, ağır cinayətlərə düşdüm."
Növbəti proses 17 iyula təxirə salınıb.
Qeyd edək ki, Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarəsinin böyük elmi işçisi olub.
Eyvaz Niftəliyev isə Şamaxı rayonunda müəllim işləyib, əvvəllər dələduzluq cinayətinə görə məhkum olunub.
İstintaq orqanı tərəfindən Eyvaz Niftəliyevin barədə Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma və 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Ramis Hümmətov isə həmin məcəllənin 178.2.1, 178.2.2, 32.4, 178.2.3, 32.5, 178.2.4, 32.4, 29, 195.2, 32.5, 29, 195.2, 32.4, 308.2, 32.4, 313, 32.5, 313, 32.4, 311.3.3 ve 32.5, 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıb.
Eyvaz Niftaliyev barəsində həbs qətimkan, Ramis Hümmətovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Eyvaz Niftaliyev su vulkanlarının tədqiqatın aparılması ilə bağlı şəxslərə əmək müqaviləsi bağlayıb və bəzi işlər görmək istəyib. Amma sonradan zərərçəkmiş şəxslərdən aldığı pulları ələ keçirib.
Fidan Fərmanlı