"Ərimin xəyanətinə görə Zahirlə yazışmağım təsəlli idi" - Sevgilisi ilə ərini öldürən qadının İŞİ
05 fevral 2026 13:31 (UTC +04:00)

"Ərimin xəyanətinə görə Zahirlə yazışmağım təsəlli idi" - Sevgilisi ilə ərini öldürən qadının İŞİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində Zahir Soltanovun Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və Leyla Abbasovanın 32.5,120.2.9-cu (köməksiz vəziyyətdə olan adamın qəsdən öldürülməsində iştirak etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən Leyla Abbasovanın ilkin istintaq zamanı verdiyi ifadəsini elan edib:

"Evlənəndən sonra İkramın ata evində yaşadıq. Sonra Bakıya köçdük. İkram Bakıya gələndən taksi işlədirdi. 2024-cü ildə Sabunçuda ev alıb təmir etməyə başladıq. İkramın pis xüsusiyyəti var idi. O, başqa qadınlarla mütəmmadi əlaqədə olurdu. Buna görə mübahisələrimiz olanda İkram onlarla ancaq vaxt keçirdiyini deyirdi.

Zahirlə tanışlığımız həmin ünvana köçəndən 3-4 ay sonra oldu. Əvvəl qonşu kimi danışırdıq, günlər keçdikcə, sosial şəbəkələrdə yazışmağa başladıq. Dost kimi gündəlik olaraq mesajlaşıb dərdləşirdik. Bir gün yazışanda İkram təsadüfən mesajlaşdığımı gördü. Sonra eşitdim ki, gedib Zahirlə dalaşıb. Hər iki ailə - həm mənim, həm də onun ailəsi münasibətimizə görə bizə irad tuturdular. Biz yenə gizlicə yazışırdıq, yaşadıqlarımızı, problemlərimizi bölüşürdük. Gündən-günə bir-birimizə bağlanırdıq. İkramın mənə xəyanət etdiyinə görə Zahirlə yazışmağımın onu qıcıqlandırması mənə təsəlli kimi idi. Zahir həmişə deyirdi ki, İkramdan boşanım, evlənək. Amma mən övladlarıma görə razı olmurdum.

3 avqust 2025-ci ildə mən Zahirlə mesajlaşanda İkram telefonu əlimdən aldı. Bundan sonra İkram bir-birimizi sevdiyimizi bildi. Məni döyməyə başladı, sonra məni anamın evinə apardı. Növbəti gün mən evə qayıtdım. İkram evdə idi. Gördüm o, bıçağı qızdırıb öz sinəsinə basdı ki, mən qadınlarla gəzməsəydim, sən də mənə xəyanət etməzdin. Sonra dedi ki, Zahir də evlənəndə, mən də onun arvadı ilə münasibət quracağam. 6 avqust günü İkramla söhbət edirdik. O dedi ki, əgər bağışlanmağımı istəyirsə, mesaj yazıb Zahiri evə çağırım, o da onu öldürəndən sonra məni bağışlayacaq. Hadisə günü gecənin bir yarısı İkramın "Ay allah!" deyə səsini, sonra da tappıltı eşitdim. Qaranlıqda durub zala keçəndə İkramı yerdə uzanmış vəziyyətdə gördüm. Pəncərədən baxanda gördüm ki, qara paltarda biri əlində bıçaqla evdən qaçıb uzaqlaşdı. Tez qonşumuzu səslədim. Zahir anası ilə gəldi".

Daha sonra şahid ifadələri dinlənilib.

Şahid Hidayət Soltanov təqsirləndirilən Zahir Soltanovun babası olduğunu bildirib:

"Hadisədən səhər xəbər tutmuşam. Səhər oyananda evdə qonşumun uşaqlarını görüb təəccübləndim ki, səhər-səhər xeyir ola? Sonradan bildim ki, axşam qiyamət qopub".

Şahid Elnarə Soltanova Zahir Soltanova "Oğlumun ağlı başında olsaydı, bu səhvləri eləməzdi" deyib.

Məhkəmə növbəti şahid ifadələrinin dinlənilməsi üçün prosesi 26 fevral saat 11:30-a təyin edib.

Xatırladaq ki, 2025-ci il avqustun 9-da DİN 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübəhli şəxs qismində saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar