Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə həyat yoldaşının qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət isinin növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilənlərdən Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin hər biri ayrı-ayrılıqda 19 il, Əzizə Seyidovanın isə 18 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Növbəti proses müdafiə vəkillərinin çıxışı üçün 30 dekabr saat 10:00-a təyin edilib.
Xatırladaq ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə cəzalandırmaq istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-ci il martın 15-də Ə.Seyidova M.Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları onun qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.
Onu da qeyd edək ki, daha öncəki məhkəmə prosesləri zamanı Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər.