11 noyabrda Qondarma “Abxaziya Respublikası”nın Suxumi şəhərində baş vermiş atışma nəticəsində yaralanan ikinci şəxs Moskva klinikasında vəfat edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Suxumi sakini olan 45 yaşlı avtoritet Almas Kvitsiniya ağır kəllə-beyin travması alıb. O, müalicə üçün Rusiyaya aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, 11 noyabrda Suxumidə Qumskaya küçəsində matəm mərasiminə atəş açılması nəticəsində beş nəfər yaralanıb. Onların hamısı Respublika Xəstəxanasına çatdırılıb. Yaralılardan ikisinin vəziyyəti həkimlər tərəfindən son dərəcə ağır qiymətləndirilirdi.
Noyabrın 13-də Respublika Xəstəxanasında yaralılardan biri Ruslan Adleyba vəfat edib. Digər üç yaralı, o cümlədən Raul Bartsba xəstəxanadan buraxılıb.
Hadisə ilə bağlı Suxumi prokurorluğu tərəfindən cinayət işi başlanıb.
Cinayətdə şübhəli bilinən Astamur Şinkuba və Şarat Cikirba noyabrın 14-də hüquq-mühafizə orqanları tərəfindən Suxumi və Adler şəhərlərində saxlanılıblar. Noyabrın 15-də isə bu iş üzrə Rusiya ərazisində saxlanılan daha bir şəxs idarələrarası əməkdaşlıq çərçivəsində Abxaziyaya təhvil verilib.
Cinayətdə iştirakı şübhə doğuran daha bir şəxs Mxaz Aqrba noyabrın 24-də Abxaziyada saxlanılıb.
Bu cinayət işi üzrə bütün fiqurantlar Suxumi Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri ilə həbs olunublar.
