Yaponiyada bir kişi ilin yekunlarına görə verilən kiçik mükafata görə öz müdirini bıçaqlayaraq öldürüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, saxlanılan şəxs şirkətdə satış meneceri işləyən 45 yaşlı Masahiro Yamanakadır. Dindirilmə zamanı o, törətdiyi əməli etiraf edib və rəhbəri Akihiro Kavaşimanın ona qarşı münasibətindən narazı olduğunu bildirib. O deyib ki, müdirinin mənzilinə daxil olduqdan sonra əvvəlcə onun üzünə insektisid (həşərat dərmanı) püskürdüb, sonra isə onu bud və boyun nahiyəsindən bıçaqlayıb.
Məhkəmə-tibbi ekspertiza müəyyən edib ki, Kavaşima boyun, qarın və bud nahiyələrindən ondan çox bıçaq xəsarəti alıb.
Saxlanılan şəxsin 72 yaşlı anası ictimai şəkildə üzr istəyərək, oğlunun “geri dönüşü olmayan bir şey etdiyini” bildirib. Onun sözlərinə görə, Yamanaka ilə Kavaşima liseydə sinif yoldaşı olublar və uzun illər yaxın münasibət saxlayıblar. O həmçinin deyib ki, Kavaşimanı oğlunun təxminən 8 il əvvəl olan toyunda görüb və onun sevincdən ağladığını xatırlayır.
“Kaşimanın həyatını geri qaytarmaq mümkün deyil, amma ümid edirəm ki, oğlum etdiyini dərk edəcək və günahını yumağa çalışacaq”, — deyə qadın əlavə edib.