“Kafedə polis əlimdəki təsbehə sataşdı, çıxarırdım çölə vurmağa” – MƏHKƏMƏ REPORTAJI
27 sentyabr 2023 18:00 (UTC +04:00)

“Kafedə polis əlimdəki təsbehə sataşdı, çıxarırdım çölə vurmağa” – MƏHKƏMƏ REPORTAJI

“Orxanla Xəyal nalayiq sözlər deməyə başladı. Oğlumun yanında mənim üzümə də söydülər”.

Bu sözləri bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən kütləvi davanın cinayət işi üzrə məhkəmə prosesində şahid deyib. 

Qısa xatırlatma:

Hadisə bu il fevralın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb. 

Belə ki, Rauf Hüseynov və mərhum Xəyal Rəhimov 2018-ci ildə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində birgə cəza çəkərkən aralarında narazılıq olub. Onlar azadlığa çıxdıqdan sonra da mübahisə davam edib. Bu il məsələni aydınlaşdırmaq məqsədilə X.Rəhimov tanışı Orxan Fətəliyevlə və İlkin Rzayevlə birlikdə Rauf Hüseynovun kirayə yaşadığı, eyni zamanda, Ceyhun İsayevə məxsus evin pəncərəsini döyür. O, Raufla Ceyhunu çölə çağırır. Bundan sonra tərəflər arasında qarşılıqlı nalayiq ifadələr işlədilib.

Aralarında yaranan dava zamanı Rauf üzərində olan bıçaqla Xəyal Rəhimovla birgə ora gələn İlkin Rzayevin  döş qəfəsi nahiyəsindən bir dəfə vurub. Aldığı xəsarətdən İ.Rzayev hadisə yerində ölüb. Ceyhun isə əlindəki dəmir dəyənəklə Xəyalın üzərinə gedərək onun baş nahiyəsinə güclü zərbələr endirir. Həmin zaman davada onun qardaşı Ramin İsayev  də iştirak edirdi. Aldığı xəsarətlərdən Xəyal Rəhimov həyatını itirib. 

Bu gün isə ölümlə nəticələnən kütləvi davanın iştirakçıları – Ceyhun İsayev, onun qardaşı Ramin İsayev və Rauf Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Proses hakim Azad Məcidovun sədrliyi ilə keçirilib. Ötən proses baş vermiş davadan sonra zalda demək olar ki, 10-a yaxın məhkəmə nəzarətçisi diqqətlə ətrafı izləyirdi. Hər an yarana biləcək münaqişəyə müdaxilə etməyə hazır vəziyyətdə idilər. 

Təqsirləndirilən Rauf Hüseynovun anası şahid Qızqayıt Hüseynova ifadə verib. O deyib ki, oğlu Xəyalın əlini yüngülvarı bıçaqla deşib:

“Həmin gün saat 11 radələri olardı. Hamamda paltar yuyurdum. Bir də gördüm ki, Ceyhunun yoldaşı mənim oğlum Raufu çağırır. Deyir ki, Ceyhunu çağırırlar, o, yatıb gəl gör nə deyir. Rauf da çıxdı bayıra. 

Sən demə Orxanla Xəyal gəlib qapıya dayanıb. Nalayiq sözlər deməyə başlayıb. Qorxumdan mən də qaçdım qapıya. Elə mənim üzümə də söyməyə başladılar. Oğlum dedi ki, burda qadınlar var söyüş söyməyin. 

Qonşum İlahə İsayeva ilə bunları sakitləşdirmək istəyirdik. Oğlum dözməyib bıçaqla yüngülvarı Xəyala xəsarət yetirdi. Əski gətirdik Xəyalın qanayan əlini sarıyaq.

Bunları sakitləşdirib evə qaytardıq. Xəyal gedəndə bir söz dedi, yadımdan çıxmır. Dedi ki, “Bu qan Dubay qanıdı. Yerdə qalmayacaq”. Elə bu sözü dedi və getdi”. 

Məsələdən bir az kənara çıxaq. 

Şahid “Bu qan Dubay qanıdı” ifadəsini işlədən zaman cinayətdə təqsirləndirilən şəxslər bir-birinə baxıb güldü və nəyisə işarə elədi. 

Qızqayıt Hüseynova ifadəsinə davam edir:

“Uşaqları öz evimə gətirdim. Onlara çay şirniyyat verdim. Elə oturmuşduq ki, pəncərənin qırılma səsləri gəldi. Oğlumgildən qabaq mən çölə qaçdım. Əlimlə tutdum qapını qoymadım uşaqlar çölə çıxsın. Amma çöldəkilər başladılar ən pis söyüşlər söyməyə. Qapıya dayanan Xəyalgil “Ya öləcəyik, ya da öldürəcəyik” dedi. Mən də qoymuram bunlar çölə çıxsın. 

Bir də gördüm dəyənək dəydi mənə özümdən getdim. Ondan sonrasını bilmirəm”.

Raufun Hüseynovun vəkili Qızqayıt Hüseynovdan qapıya gələn Xəyalla Orxanın sərxoş olub-olmadığını soruşub: 

“Xəyalla Orxan sərxoş idi. Onlarla yaxın məsafədə olan mən idim”.

Daha sonra, ifadə vermək üçün zala Xəyal Rəhimovun dostu şahid Emil Hacıyev dəvət edilib. O, Rauf Qurbanovu illərdir “Elşən” kimi tanıyırmış:

“Mən Raufu neçə illər Elşən kimi tanımışam. Xəyal iş barəsində mənimlə kafedə görüşdü. 15 gün ondan qabaq Orxan və İlkinlə bir kafe vardı orda dalaşmışdıq. Xəyala da dedim ki, bunlar salamat adam deyillər uzaq ol. Elə biz kafedə oturmuşduq bir polis əlimdəki təsbehə sataşdı. Onu çıxarırdım çölə vurmağa. Xəyalgil ayırdı”. 

Hakim: Polisi vurmaq olar?

Şahid: Səhv olan hamını vurmaq olar.

“Xəyalgil gedirdi nəşə almağa. Dedim ki, məni evə aparın. Gəlmirəm sizlə. Xəyalı qızışdıran Orxan idi. Amma sözümə qulaq asmadılar məni də özləri ilə apardılar. Mən, Ramin, Orxan, İlkin, Xəyal getmişdik. İlkin günahsız yerə həyatını itirdi. Qızqayıt xanım düz deyir, dəyənək ona dəydi. Mən də sərxoşların əlində qalmışdım. Rauf bıçaqla İlkini vurdu. İlkin günahsız yerə öldü. İlkin vurulanda yalvardım ki, bunu xəstəxanaya çatdıraq”.

Məhkəmənin növbəti iclası oktyabrın 11-nə təyin edilib.

İstintaq materiallarında qeyd olunub ki, aralarında yaranan dava zamanı R.İsayev gödəkçəsinin döş cibində olan mətbəx bıçağını çıxarıb mərhum İlkin Rzayevin qarnından bir dəfə vurur. Həmin vaxt evdən küçəyə çıxan Raufun anası Qızqayıt Hüseynova davanın qarşısını almaq istədikdə Xəyal dəmir dəyənəklə onun sol qol və ayaq nahiyəsindən vuraraq xəsarət yetirib.

Bundan sonra, Rauf üzərində olan bıçaqla İlkinin döş qəfəsi nahiyəsindən bir dəfə vurub. Aldığı xəsarətdən İ.Rzayev hadisə yerində ölüb.

Məlumata görə, Ceyhun isə əlindəki dəmir dəyənəklə Xəyalın üzərinə gedərək onun baş nahiyəsinə güclü zərbələr endirir. Bu məqamda Rauf əlindəki bıçaqla zərbələrin təsirindən yerə yıxılan Xəyalın bədəninin müxtəlif nahiyələrinə vurub. Xəyal aldığı zərbələrdən 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilir və qansızma səbəbindən ölüb.

Belə ki, kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.

Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, törədilmiş faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.
 

# 6660
avatar

Fidan İlqar

Oxşar yazılar