ABŞ alimləri süni intellekt sistemləri üçün daha az enerji sərf edən mikroçiplərin hazırlanmasına kömək edə biləcək yeni material texnologiyası yaradıblar.
Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Braun Universitetinin tədqiqatına istinadən məlumat yayıb.
Alimlər eyni vaxtda elektrik və maqnit xüsusiyyətlərinə malik olan multiferrik materialların çox nazik təbəqələrini hazırlamaq üzərində çalışıblar. Əvvəllər belə materiallar həddindən artıq nazildikdə mühüm fiziki xüsusiyyətlərini itirirdi.
Tədqiqatçılar yeni üsulla bu məhdudiyyəti aradan qaldıraraq vismut ferrit adlı materialın atom ölçülərinə yaxın qalınlıqda belə elektrik və maqnit xüsusiyyətlərini qoruyub saxlamasına nail olublar.
Alimlərin fikrincə, bu materiallar gələcəkdə məlumatların daha az enerji ilə emal edilməsinə və saxlanılmasına imkan verə bilər. Texnologiyanın süni intellekt çiplərində geniş istifadəsi üçün əlavə mühəndislik və sınaq mərhələləri tələb olunur.