Dünyaca məşhur “Pink Floyd” qrupunun üzvü Rocer Uoters beşinci həyat yoldaşı Kamila Çavisdən boşanmaq üçün məhkəməyə müraciət edib.
Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
83 yaşlı britaniyalı musiqiçi noyabrın 10-da Nyu-York Ali Məhkəməsinə boşanma ərizəsi təqdim edib. Məhkəmə sənədlərinə əsasən, tərəflər arasında mübahisəli boşanma prosesi başlayıb. Ayrılığın səbəbi hələlik ictimaiyyətə açıqlanmayıb.
Uoters 2021-ci ilin oktyabrında Kamila Çavislə evlənərkən nəhayət həyatının sevgisini tapdığını söyləmişdi. Cütlük 2016-cı ildə Kaliforniyada keçirilən “Coachella” musiqi festivalında tanış olub. Həmin vaxt Çavis sürücü kimi çalışırmış.
Musiqiçinin bundan əvvəlki dörd evliliyi də boşanma ilə nəticələnib. Sonuncu evliliyinin isə beş ildən sonra başa çatması gözlənilir.