"Lombard Xəyal"ın məhkəməsində zərərçəkənlər  danışdı
26 yanvar 2026 12:29 (UTC +04:00)

"Lombard Xəyal"ın məhkəməsində zərərçəkənlər danışdı

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə vətəndaşların etibarından sui-istifadə edərək onların qızıllarını mənimsəməkdə təqsirləndirilən "Lombard Xəyal" olaraq tanınan Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.

Zərərçəkən Ş.S təqsirləndirilənlərdən Xəyal Abdullayevi tanıdığını bildirib:

"2020-ci il mayın 28-də qızılımı girova qoyub pul götürdüm. Müqaviləni ilk dəfə Xəyalla bağlamışdıq. 1100 manat ödəmişik, ödəniş borcum olmayıb. Qızıllarımı qaytarması üçün bunların Nəsimidəki filialına gedəndə, ofisin bağlandığını gördük. Sonra öyrəndik ki, onlar həbs olunub, məhkəmələri gedir. Ancaq qızıllarımı istəyirəm, başqa bir şikayət və tələbim yoxdur".

Şahid C.C. hər iki təqsirləndiriləni tanıdığını bildirib:

"Nizami metrosunun yaxınlığında olan lombarda 2000 manat dəyərində qızıl qoymuşdum. Ödənişlərimi vaxtında ödəyirdim. Axırıncı dəfə gəlib ödəyəndə, ikisi də mənə dedi ki, ayın 31-dən sonra narahat olma, qızıllarını qaytaracağıq. Sonra maraqlanıb öyrəndim ki, Xəyal qızıllarımı satıb yeyib. Zəng edirdim Xəyala, telefonlarıma cavab vermirdi. Axır ki, bir dəfə götürdü və mənə dedi ki, sənəddə kimin adı var, get qızıllarını ondan tələb elə. Fəridə də zəng edəndə "Mənlik deyil, get Xəyaldan soruş" deyirdi.

Şahid M.L. 2020-ci ildən Fərid Abuzərlini tanıdığını deyib:

"Fərid zəng elədi ki, Xəyala pul lazımdır, bir aya bağlayıb sənin pulunu qaytaracağıq. Ondan sonra Xəyalı tapa bilmədim. Övladım xərçəng xəstəsi idi, başım onun müalicəsinə qarışmışdı. Bir müddət sonra onların Nizami metrosu tərəfdəki lombardına yaxınlaşdım, bilərziyimi şəkilini oradakı kişiyə göstərdim ki, bunu qoyub pul götürmək istəyirəm. Orada mənə məlum oldu ki, bilərzik artıq satışa qoyulub".

Elə bu zaman təqsirləndirilən Fərid Abuzərli "Şikayət edib məni tutdurmusunuz. Mənim həbsdə pulum yoxdur, mən sizə pul ödəməyəcəm. Gedib cəzamı çəkəcəyəm, amma siz pul üzü görməyəcəksiniz" deyə replika atıb.

Şahid H.N. 2022-ci ildə şəxsi tələbatı üçün pul lazım olduğu üçün lombarda müraciət etdiyini deyib:

"Danışığı Fəridlə aparmışdıq. 750 probluq  üzüyümü qoymuşdum lombarda. Ödənişi vaxtında edirdim. Bitəndən sonra gedib üzüyümü istəyəndə onu qaytarmaqdan imtina etdilər". Məhkəmə tərkibi iş üzrə məhkəmədə iştirak etməyən zərərçəkənlər barəsində məcburi gətirilmə qərar verib. Növbəti proses 23 fevral saat 10:00-a təyin edilib.

Xatırladaq ki, cinayət işi üzrə 31 nəfər zərərçəkən qismində tanınıb. İttiham edilən tərəf girov olaraq götürdüyü qızıl-zinət əşyalarını və onların geri verilməsi üçün müştərilərin ödədiyi pul vəsaitini mənimsəməkdə ittiham olunurlar. Metronun "Nizami" stansiyasının yaxınlığında, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən lombardın əksər müştəriləri borclarını tam ödədikdən sonra qızıllarını geri ala bilməyiblər. Bundan sonra polis bölməsinə şikayət ediblər. Çox sayda insan "Lombard Xəyal" olaraq tanınan şəxsin onlara kütləvi ziyan vurduğunu söyləyib. Onlar bildiriblər ki, lombarda qoyulan qızıllar qanunsuz şəkildə yoxa çıxıb.

Xəyal Abdullayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə), 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), Fərid Abuzərli isə 179.3,2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham ediliblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar