"Qanuni oğru" olduğuna  görə 10 illik həbs cəzası verildi
20 iyun 2025 16:48 (UTC +04:00)

"Qanuni oğru" olduğuna görə 10 illik həbs cəzası verildi

Bu gün Rusiyanın Penza vilayət məhkəməsi 60 yaşlı gürcü “qanuni oğru” Şalva Çxenkelinin işi üzrə hökm çıxarıb.

Lent.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (cinayət iyerarxiyasında yüksək vəzifə tutmağa görə) ilə təqsirli bilinib.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 1992-ci ildə kriminal aləmdə formalaşmış qeyri-rəsmi münasibətlərə təsir göstərə bilən, kriminal mühitdə mütləq nüfuza malik şəxs statusu alaraq “qanuni oğru” tacını alıb.

Avtoritet 2017-ci ildən etibarən Penza vilayəti üzrə 1 saylı cəzaçəkmə müəssisəsində adam oğurluğu, quldurluq və insanın ölümünə səbəb olan ağır bədən xəsarəti yetirmə cinayətləri üzrə cəza çəkib. 2019-cu il aprelin 12-dən qüvvəyə minmiş cinayət iyerarxiyasında mövqe tutmağın cinayət məsuliyyəti daşıdığını bildiyi halda, öz statusundan imtina etməmiş və Penza vilayətindəki cəzaçəkmə müəssisələrindəki cinayətkar qruplaşmaların müxtəlif fəaliyyət sahələrinə nəzarəti davam etdirərək onların fəaliyyətini təmin edib.

O, qanunsuz olaraq “ümumi fond”a vəsait yığmaqla məşğul olub, cəzaçəkmə müəssisələrinin kriminal mühitində təsir dairələrini bölüşdürüb, məhkumlar arasından aşağı səviyyələrə etibarlı şəxslər təyin edib, onlar arasında yaranmış münaqişələri həll edib, statuslarının artırılması və aşağı salınması barədə qərarlar verib. Eyni zamanda o, hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə tabe olmaqdan imtina edərək, qanuni səlahiyyətə məhəl qoymayıb.

Təqsirləndirilən şəxs günahını etiraf etməyib.

Məhkəmə cinayətlərin məcmusunu nəzərə alaraq, onu cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edib.

Hökm hələ qanuni qüvvəyə minməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414

Oxşar yazılar