Qız profili ilə aldatdı, bacısından boşanan  yeznəsini döydü - XIRDALANDA
25 iyul 2026 14:39 (UTC +04:00)

Qız profili ilə aldatdı, bacısından boşanan yeznəsini döydü - XIRDALANDA

0

Abşeronda gənc oğlan bacısından boşanan keçmiş yeznəsini döyüb.

Lent.az xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən binalardan birində qeydə alınıb.

İttiham aktına görə, 26 yaşlı Qərib Kərimov (ad və soyad şərtidir) keçmiş yeznəsi Səfərlə (şərti ad) görüşərək, bacısından boşanma səbəbini öyrənmək istəyib. Lakin Səfər hər dəfə xasiyyətləri uyğun gəlmədiyi üçün ayrıldıqlarını deyərək Qəribin görüş təklifini rədd edib. Bunu görən Qərib “Tiktok”da qız profili ilə Səfərə yazıb. Günlərin bir günü Qərib həmin profillə Səfəri öz evinə görüşə çağırıb. Səfər içəri girən kimi Qərib ondan bacısından boşanma səbəbini soruşub və tərəflər arasında mübahisə başlayıb. Bu zaman Qərib əlindəki dəmir parçası ilə, həmçinin əl və ayaq zərbələri ilə Səfərə zərbələr vurub. Bundan əlavə, Qərib bıçaqla Səfərin üzərinə gedərkən sonuncu kəsici alətin tiyəsindən tutub əyməyə çalışıb. Lakin təqsirləndirilən şəxs bıçağı geri çəkdiyi üçün Səfərin barmaqları kəsilib.

Zərərçəkənin şikayəti əsasında Qərib Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində peşman olduğunu və dəfələrlə zərərçəkənlə barışmağa cəhd etsə də, buna nail olmadığını bildirib. Zərərçəkən şəxs də şikayətçi olduğunu və ədalətli cəza istədiyini deyib.

Məhkəmənin qərarı ilə Qərib Kərimov 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar