Sayt rəhbərinin  məhkəməsində şahid elə şeylər DANIŞDI Kİ...
01 iyul 2025 11:44 (UTC +04:00)

Sayt rəhbərinin məhkəməsində şahid elə şeylər DANIŞDI Kİ...

"Məclis.info” saytının rəhbəri İmran Əliyev, eləcə də onunla birgə ittiham olunan Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində çağırılan şəxslər ifadələrini verib.

Təqsirləndirilən şəxslər növbəti mərhələdə ifadə vermək istədiklərini bildiriblər.

İmran Əliyevin vəkili vəsatət qaldıraraq zərərçəkən qismində tanınmış Vergi İdarəsinin nümayəndəsinin məhkəmə zalında iştirakının təmin olunmasını xahiş edib. O, bildirib ki, həmin idarə təqsirləndirilənlərə qarşı vergi borcu kimi 61 min manatdan çox mülki iddia qaldırıb. Buna görə də nümayəndə mütləq prosesdə iştirak etməlidir.

Şahid Hüseyinzadə Elçin Emin oğlu  ifadəsində bildirib:  “Mən barmen kimi işləyirdim. İmran və Elgiz ora müştəri kimi gəlirdi. Musaveva Tamellanı isə  tanımıram. Onlar biləndə ki, mən şəkilləri hərəkətə keçirə biləcək "motion design" işi ilə məşğulam. Mənə şəkil göndərdilər. Barmenlikdən əlavə pul qazanmaq üçün bu işlə də məşğul idim. Göndərilən şəkillərdəki şəxsləri tanımıram. Mənə dedilər ki, qonaqlıq verəcəklər (gülür). Ödəniş almamışam".

Dövlət ittihamçısının suallarını cavablandıran şahid deyib ki, onlar daha əvvəl birlikdə səyahət ediblər: "Təsadüfən birlikdə Gürcüstana getmişik. Dedilər ki, gəzməyə gedirlər. Mən də çoxdandı getmək istəyirdim deyə onlara qoşuldum. Biletimi özüm almışam, onlardan da ayrı yerdə qalmışam. Sadəcə birlikdə yeyib-içmişik".

Növbəti proses iyulunun 15-nə təyin edilib.

Xatırladaq ki, təqsirləndirilən İmran Əliyev ötən il aprelin 19-da həbs edilib. Elgiz Qəhrəman və Tamella Musayeva isə sonradan iş üzrə təqsirləndirilən şəxs kimi tanınıb və barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hər iki şəxsə Cinayət Məcəlləsinin 8 maddəsi ilə 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham olunur. Prosesdə zərərçəkən qismində Gəncə Regional Vergi İdarəsi tanınıb.

Fidan Fərmanlı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638

Oxşar yazılar