Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi münasibətdə olduğu qadını daşla vurub öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseyovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadəsi ilə davam edib.
Şahid Gülnar İbrahimova hadisə baş verən gün bacısı Elnarə İbrahimova ilə danışdığını bildirib:
"Elnarəyə zəng edib harada olduğunu soruşdum, çünki vaxtında işdə olmasaydı, problemi ola bilərdi. Dedi ki, özünə kofta almağa gedib, yarım saata qayıdacaq. Dəqiq xatırlamıram, ikinci dəfə ona zəng elədim, yoxsa o mənə. Bacı, məni öldürür, gəl məni xilas elə deyə telefonda ağlayıb yalvarmağa başladı. Həyəcandan, qorxudan əlim-ayağım əsdi, telefonda çığırdım ki, burax bacımı. Tez 102-yə məlumat verdim".
Məhkəmə sənədlərin tədqiqi mərhələsinə başlayıb.
Növbəti məhkəmə 24 fevral saat 16:30-a təyin olunub.
Xatırladaq ki, 2024-cü ilin dekabrın 17-də Sabunçu rayonu ərazisində 33 yaşlı Elnarə İbrahimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla qadının qeyri-rəsmi nikah münasibətində yaşadığı 29 yaşlı İgid Rəcəbzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı baş nahiyəsinə daş parçası ilə xəsarət yetirilərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanılıb. İgid Rəcəbzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.