Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən "Abroad” MMC-nin rəhbəri və "Greencard Azerbaijan” şirkətinin direktoru Rüfət Piriyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.
Zərərçəkənlər ifadələrində Rüfət Piriyev tərəfindən müxtəlif məqsədlərlə aldadıldıqlarını bildiriblər. Şahid Ramal Kazımov Kanadaya sərgi məqsədilə getmək üçün müraciət etdiyini və təxminən 6000 manat zərərə düşdüyünü deyib. İbrahim Məmmədov təhsil vizası ilə bağlı ümumilikdə 29 750 manat ödədiyini, yalnız 3000 manatı geri ala bildiyini qeyd edib. Digər zərərçəkən İsgəndərov isə iki ay ərzində iş tapılmasa pulun qaytarılacağı vədi ilə 8000 manat verdiyini, lakin vədin yerinə yetirilmədiyini bildirib. Rəziyyə Qəmbərova isə iş vizası üçün 10 000 dollar ödədiyini və etibarının sui-istifadə edildiyini deyib.
Məhkəmə prosesi 19 yanvar saat 15:00-a təyin olunub.
Xatırladaq ki, Rüfət Piriyev Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda dələduzluq) ilə ittiham olunur. İş üzrə 42 nəfər zərərçəkmiş qismində tanınıb. İstintaq materiallarına görə, o, vətəndaşları viza düzəltmək adı ilə aldadıb. Çoxsaylı şikayətlər əsasında barəsində cinayət işi başlanıb, axtarışa verilib və bu ilin yanvarında saxlanılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Fərqanə Novruzova